“O halda repetitorluğa lüzum qalmayacaq...” - Abbaszadədən mübahisəli təklif

“O halda repetitorluğa lüzum qalmayacaq...” - Abbaszadədən mübahisəli təklif Nazirliklə DİM arasında koordinasiyanın olmaması abituriyentləri çətinə salıb
Son illər ali məktəblərə qəbul prosesi ilə bağlı əsas narazılıqlardan biri qəbul imtahanlarında salınan suallarla məktəb dərsliklərində yer alan mövzular arasında açıq tərs mütənasibliyin olmasıdır. Abituriyentlər və valideynlər uzun müddətdir bildirirlər ki, məktəbdə tədris olunan biliklər imtahanlarda tələb olunan bilik və bacarıqlarla üst-üstə düşmür.

Bu vəziyyətin əsas səbəbi kimi isə Elm və Təhsil Nazirliyi ilə Dövlət İmtahan Mərkəzi arasında yetərli koordinasiyanın olmaması göstərilir. İllərdir səsləndirilən fikirlərə görə, iki qurumun ortaq mövqeyə gələ bilməməsi nəticəsində ən çox əziyyət çəkən tərəf abituriyentlər olur. Təhsil mühitində hətta bu qurumlar arasında uzun müddətdir davam edən gizli intriqaların mövcud olduğu da iddia edilir ki, bu da problemin aradan qaldırılmasını daha da müşkülə çevirir.

Bugünlərdə Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə bildirib: “Bizim nəşr etdiyimiz dərs vəsaitlərini oxumaq kifayətdir. Uşaq nizam-intizamlıdırsa, öz üzərində işləməyi bacarırsa, repetitora ehtiyac yoxdur. Erkən yaşlardan müstəqilliyi, özü qərar verməyi, informasiyanı əldə etməyi, oxumağı, dərslərinə məsuliyyətlə yanaşmağı uşaqlarda formalaşdıra bilsək, repetitorluq da sıradan çıxacaq”.

Abbaszadə nə dərəcədə haqlıdır, onun dediyi yolla repetitorluğun aradan qalxması mümkünmü?

Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov mövzu ilə bağlı “Yeni Müsavat”a fikrini bölüşüb: “Ali təhsil müəssisələrinə qəbul imtahanları ilə ümumtəhsil məktəblərində tətbiq olunan tədris proqramları arasında müşahidə edilən uyğunsuzluq təhsil sisteminin institusional problemlərindən biri kimi qiymətləndirilməlidir. Tədris məzmunu, qiymətləndirmə mexanizmləri və gözlənilən təlim nəticələri arasında harmoniyanın pozulması şagirdlərin bilik və bacarıqlarının obyektiv qiymətləndirilməsinə mane olur və əlavə hazırlıq mexanizmlərinə ehtiyac yaradır.

Dövlət İmtahan Mərkəzinin nəşr etdiyi dərs vəsaitlərinin kifayətli olması ilə bağlı mövqeyi nəzəri baxımdan əsaslandırıla bilər. Müasir pedaqoji yanaşmalara görə, şagirdlərin müstəqil öyrənmə, tənqidi düşünmə və informasiya ilə işləmə bacarıqlarının formalaşdırılması təhsil prosesinin əsas hədəflərindən biridir. Lakin empirik müşahidələr göstərir ki, mövcud məktəb mühiti bu bacarıqların bütün şagirdlərdə eyni səviyyədə formalaşmasına imkan vermir. Bu isə repetitorluğun sistemdaxili boşluqları kompensasiya edən alternativ mexanizm kimi çıxış etməsinə səbəb olur".

Fəlsəfə doktoru onu da qeyd edib ki, elmi yanaşma baxımından problemin həlli fərdi məsuliyyətin artırılması ilə məhdudlaşmamalıdır: “Əsas diqqət kurikulumların məzmun uyğunluğunun təmin edilməsinə, qiymətləndirmə meyarlarının şəffaflaşdırılmasına və məktəbdaxili təlim keyfiyyətinin yüksəldilməsinə yönəldilməlidir. Eyni zamanda müəllim hazırlığı, təlim metodologiyaları və tədris resurslarının vahid konseptual çərçivədə əlaqələndirilməsi zəruridir. Yalnız sistemli və elmi əsaslandırılmış islahatlar nəticəsində qəbul imtahanları ilə məktəb təhsili arasında mövcud olan ziddiyyətlərin aradan qaldırılması və repetitorluq asılılığının azalması mümkün ola bilər”.

Beynəlxalq təcrübə göstərir ki, əksər ölkələrdə əlavə hazırlıq mövcuddur, lakin bu, Azərbaycandakı kimi demək olar ki, məcburi xarakter daşımır. Avropa ölkələrində məktəb proqramı ilə buraxılış və qəbul imtahanları eyni sistem üzərində qurulduğu üçün şagirdin məktəbdə aldığı biliklər universitetə qəbul üçün kifayət edir. ABŞ-də isə qəbul prosesi tək bir imtahanla məhdudlaşmır, məktəb qiymətləri, esselər və sosial fəaliyyətlər də nəzərə alınır. Bu səbəbdən repetitorluq üstünlük yarada bilsə də, zəruri hesab edilmir.

Asiya ölkələrində - xüsusilə Cənubi Koreya, Yaponiya və Çində - qəbul imtahanları çox rəqabətlidir və əlavə hazırlıq geniş yayılıb. Lakin burada da əsas fərq ondadır ki, məktəbdə keçirilən mövzularla imtahanların məzmunu eyni məntiqə əsaslanır. Repetitorlar mövzunu yenidən öyrətməkdən çox, bilikləri dərinləşdirməyə və imtahana hazırlamağa yönəlir. Türkiyədə də oxşar sistem mövcuddur, amma son illər məktəb dərslikləri ilə qəbul imtahanları arasında uyğunluq artırılmağa çalışılır.

Azərbaycanda isə əsas problem məktəb dərsliklərinin daha çox nəzəri biliyə, qəbul imtahanlarının isə məntiq və tətbiq bacarıqlarına yönəlməsidir. Şagird məktəbdə öyrəndiyini imtahanda necə tətbiq edəcəyini aydın görmədiyi üçün repetitorun köməyinə ehtiyac duyur. Bu da repetitorluğu seçimdən çox zərurətə çevirir. Dünyada repetitorluq tamamilə aradan qalxmasa da, inkişaf etmiş təhsil sistemlərində məktəb, imtahan və universitet arasında qurulan ardıcıl əlaqə onun kütləvi xarakter almasının qarşısını alır.

Tehsil-press.az

Oxşar xəbərlər