Elm və təhsil naziri Emin Əmrullayevin müəllimlərin 8 saatlıq iş rejimi ilə çalışacağı barədə verdiyi açıqlamadan sonra təhsil eksperti Kamran Əsədovun nazirin bu fikrini dəstəkləməsi birmənalı qarşılanmayıb. Sosial şəbəkələrdə şərh yazan müəllimlərin iddiasına görə, K.Əsədovun özünə məxsus hazırlıq kursu var və bu səbəbdən nazirin təklifini dəstəkləyir.Məsələyə aydınlıq gətirən Kamran Əsədov bildirdi ki, müəllimlərin 18-24 saatlıq dərs yükü ilə məktəbdə tam-zamanlı işləməsi təhsil sistemində uzun illərdir yığılıb qalmış struktur problemlərin həllinə yönələn ən rasional və elmi əsaslı qərarlardan biridir.
Onun sözlərinə görə, bu qərara münasibətin birmənalı olmaması isə daha çox fərdi maraqlardan, köhnə vərdişlərdən və sistemin dəyişmə qorxusundan qaynaqlanır:
"Bu qərarın ən böyük üstünlüyü ondan ibarətdir ki, müəllimin əməyinə verilən hüquqi qiymət ilk dəfə “dərs saatı” ilə deyil, iş saatı ilə müəyyənləşdirilir. Müasir təhsil iqtisadiyyatında bu, ən ədalətli modeldir. OECD statistikası göstərir ki, inkişaf etmiş ölkələrdə müəllimlər sinifdə orta hesabla 16:20 saat dərs keçir, lakin ümumi həftəlik iş vaxtları 38-45 saat arasında dəyişir.
Bu addımın mənimsənilməsində narazılığın əsas səbəbi şəxsi maraq toqquşmasıdır. Təəssüf ki, uzun illər təhsil sistemində elə bir mexanizm formalaşıb ki, bəzi müəllimlər məktəbdə verdikləri biliklə deyil, dərsdən sonra repetitorluq yolu ilə qazandıqları gəlirlə maraqlanıblar. Bunun nəticəsində məktəbin pedaqoji mühiti zəifləyib, şagirdlər məktəbi yox, “kursu” əsas tədris məkanı kimi qəbul etməyə başlayıblar.
Artıq müəllim məktəbdə yalnız dərs deyil, fərdi hazırlıq, qiymətləndirmə, layihə işi, təhlil, metodik hazırlıqla məşğul olacaq. Bu, şagirdin məktəbdə daha çox öyrənməsi, bilik boşluqlarının yerində tamamlanması və repetitorluğa ehtiyacın azalması deməkdir".
Kamran Əsədov vurğuladı ki, özünün 3 kursu var:
"Mənim özümün üç kursum olmasına baxmayaraq, bu qərar kurs fəaliyyətinə müsbət deyil, mənfi təsir edəcək. Çünki şagird məktəbdə daha çox öyrənəcək, əlavə hazırlığa tələbat azalacaq. Lakin şəxsi marağı deyil, sistemin və müəllimin marağını üstün tutmaq peşəkar mövqedir və sağlam təhsil mühitinin əsas şərtidir. Bu baxımdan, bu qərara etiraz edənlərin böyük hissəsi kurslar deyil, əksinə, məktəbdə işinə məsuliyyətlə yanaşmayan, bütün enerjisini məktəbdənkənar qazanclara yönəldən, dərsdə isə yalnız minimum yük icra edən müəllimlərdir. Onların narahatlığı təhsil keyfiyyətindən yox, itiriləcək gəlirdən qaynaqlanır.
Hesab edirəm ki, bu qərar müəllim üçün faydalıdır, çünki işinə hüquqi təminat, stabil əməkhaqqı və daha güclü sosial status verir. Şagird üçün faydalıdır, çünki bilik boşluqları məktəbdə tamamlanır və təlim prosesi tam dövrə çevrilir. Məktəb üçün faydalıdır, çünki təhsil prosesini öz mahiyyətinə qaytarır. Elm və Təhsil Nazirliyinin bu qərarı sistemin keyfiyyətini artırmaq üçün atılmış ən məntiqli, müasir və elmi əsaslandırılmış addımlardandır və tərifə layiqdir".
Tehsil-press.az










