Bu barədə Ermənistanın müdafiə naziri Suren Papikyan jurnalistlər üçün keçirilən mətbuat konfransında məlumat verib.
Erməni KİV-lərinin yazdığına görə, nazir hərbi texnika alışında bazarın şaxələndirilməsinin vacibliyini vurğulamaqla yanaşı, yerli istehsalın genişləndirilməsinin strateji əhəmiyyət daşıdığını bildirib. Papikyanın sözlərinə görə, 2022-ci ildə yerli şirkətlərlə cəmi 5,5 milyard dramlıq müqavilə bağlandığı halda, hazırda bu göstərici 170 milyard drama çatıb və məhsulun böyük hissəsi artıq tədarük edilib.
Nazir, həmçinin, qadınların orduda iştirakının artırılmasını vacib saydığını deyərək, bu istiqamətdə institusional addımların atılacağını qeyd edib.
Sülh fonunda silahlanma: İrəvan kimə və nəyə hazırlaşır?
Vətən Müharibəsində və antiterror əməliyyatında ağır məğlubiyyətə uğrayan Ermənistanın bu gün milyardlarla vəsaiti yenidən silahlanmaya yönəltməsi regionda ciddi suallar doğurur. Rəsmi İrəvan bilməlidir ki, Dəmir Yumruq yerindədir və sülh görüntüsü altında aparılan bu hərbiləşmə siyasəti təhlükəli nəticələrə yol aça bilər.
Ortaya çıxan əsas sual budur: bu silahlanma kimə və nəyə lazımdır?
Sülhün ilkin variantı hər iki tərəf üçün qəbulolunan mərhələyə çatıb, iqtisadi əlaqələr tədricən bərpa olunur. Bu gün Azərbaycan benzini İrəvanda satılır, buğda ilə dolu qatarlar Azərbaycan ərazisindən keçərək Ermənistana gedir, ictimaiyyət nümayəndələri qarşılıqlı etimadın möhkəmləndirilməsi üçün səfərlər həyata keçirir.
Xatırladaq ki, ilk sülh təşəbbüsü məhz Azərbaycan tərəfindən irəli sürülüb. Rəsmi Bakı regional sabitlik, kommunikasiyaların açılması və iqtisadi əməkdaşlıq xəttinə sadiqliyini dəfələrlə nümayiş etdirib. Belə bir şəraitdə Ermənistanın müdafiə sənayesi adı altında milyardlarla vəsaiti silah alışına yönəltməsi hansı təhlükə ilə əsaslandırılır?
Əgər real təhlükə yoxdursa, bu silahlar kimə qarşı və hansı ssenari üçün alınır?
Sülh mühitinin formalaşdığı, qarşılıqlı etimad addımlarının atıldığı bir mərhələdə bu cür hərbiləşmə İrəvanın niyyətləri ilə bağlı ciddi şübhələr yaradır və regionda sabitliyə xidmət etmir.
İrəvan bilməlidir ki, “dəvəquşu siyasəti” yeritməklə elə düşünməsin ki, etdikləri görünmür, bilinmir və ya görməzdən gəlinir. Bu cür davranış regionda məsuliyyətsiz risklər yaradır. Ermənistan bunu da dərk etməlidir ki, Dəmir Yumruq yerindədir. Bir gecə ansızın elə bir zərbə ala bilər ki, onun nəticələrinin nə olacağını Paşinyan hamıdan yaxşı bilir.
Tehsil-press.az







