Azərbaycanda bu il əmək pensiyalarında artım 9 % ətrafında olacaq.Bunu Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Zəka Mirzəyev Fondun 2025-ci ilin yekunlarına dair keçirilən mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, bu il orta pensiya məbləğinin 543 manatdan 590 manata, yaşa görə pensiya məbləğlərinin isə hazırkı 578 manatdan 629-630 manata çatacağı proqnozlaşdırılır.
"Ötən il əmək pensiyalarında 8,1 %-lik indeksləşdirilmə aparılıb, lakin orta aylıq göstərici həmin faiz göstəricisindən də yuxarı olub, yəni 9 %-dən də yuxarı.
Əmək pensiyalarında artım bildiyiniz kimi əsasən "Əmək pensiyaları haqqında" qanunda nəzərdə tutulduğu kimi indeksləşdirmə yolu ilə həyata keçirilir. Bu Dövlət Statistika Komitəsinin elan etdiyi əvvəlki ilin orta aylıq əməkhaqqı məbləğinin nominal artım göstəricisinə uyğun şəkildə həyata keçirilir. Hələ ki, bu göstərici rəsmi şəkildə açıqlanmayıb.
Lakin çox güman ki, yaxın günlərdə bununla bağlı rəsmi açıqlama olacaq və gözləntimiz ondan ibarətdir ki, operativ məlumatlara görə əmək pensiyalarında artım, indeksləşdirmə tətbiq ediləcək artım hesabına 9 % ətrafında olacaq", - Z. Mirzəyev bildirib.
O xatırladıb ki, ötən il əmək pensiyalarının illik indeksləşdirilməsi (8,1 %) ilə bağlı DSMF-nin büdcəsindən əlavə 520 milyon manat vəsait ayrılıb.
Z.Mirzəyev qeyd edib ki, 2025-ci il yanvarın 1-dən minimum aylıq əməkhaqqı 16 % artırılaraq 400 manata çatdırılıb: "Eyni zamanda, 2025-ci il fevralın 1-dən minimum pensiya 14,3 % artırılaraq 320 manat müəyyən edilib".
Tehsil-press.az






