Şagird sayı az olan məktəblərə müəllim cəlb etmək çətin olduğundan bəzi fənlər üzrə dərslərin keçirilməsi imkanları məhdudlaşır. Bu problemi həll etmək və şagirdlərə daha yaxşı təhsil vermək məqsədilə məsafədən əyani təhsil hazırkı şəraitdə ən uğurlu üsullardan sayıla bilər. Cari ildə ucqar və azsaylı şagird kontingentinə malik yaşayış məntəqələrində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində informasiya kommunikasiya texnologiyalarından istifadə edilməklə məsafədən əyani təhsilin təşkili ilə bağlı pilot layihənin həyata keçirilməsi planlaşdırılır. Layihənin ilkin olaraq seçilmiş bir neçə ümumi təhsil müəssisəsində tətbiqi nəzərdə tutulur.
Layihə çərçivəsində ixtisaslı müəllimlər texnologiya vasitəsilə ucqar məktəblərdəki şagirdlərlə dərs keçirirlər.
Ucqar və azsaylı şagirdi olan məktəblərdə distant təhsilin tətbiqi hansı imkanları yaradır və qarşıya çıxan çətinlikləri necə həll etmək mümkündür?
“Distant model ucqar məktəblərdə ən çox müəllim çatışmazlığı problemini yumşalda bilər”
Məsələ ilə bağlı “Azərbaycan müəllimi”nə açıqlamasında Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın katibi Günay Əkbərovanın sözlərinə görə, ucqar kəndlərdə və azsaylı şagird kontingentinə malik məktəblərdə təhsilin keyfiyyəti uzun illərdir ki, ən çətin mövzulardan biri olaraq qalır: “Problemin kökü təkcə maddi-texniki imkanlarda deyil. Əsas məsələ odur ki, bu məktəblərdə çox vaxt ya fənn müəllimi olmur, ya da bir müəllim bir neçə fərqli fənni eyni anda keçmək məcburiyyətində qalır. Nəticədə şagirdlər mövzunu formal keçir, amma real öyrənmə zəif olur. Nazirliyin son illərdə distant və hibrid modelləri sınaqdan keçirməsinin əsas səbəbi də məhz bu boşluğu aradan qaldırmaqdır, yəni harada uşaq varsa, oraya keyfiyyətli dərs keçmək.
Distant model ucqar məktəblərdə ən çox müəllim çatışmazlığı problemini yumşalda bilər. Şəhərdə, rayon mərkəzində və ya daha böyük məktəblərdə çalışan təcrübəli fənn müəllimi onlayn olaraq həmin ucqar siniflərə dərs keçir. Bu o deməkdir ki, kənd məktəbində oxuyan şagird artıq yalnız “tapılan müəllimlə” kifayətlənmir, real ixtisaslı müəllimin dərsini dinləyə bilir. Bununla yanaşı, yerli məktəbdə bir fasilitator, yəni sinifdə uşaqlarla fiziki olaraq olan müəllim və ya pedaqoji işçi dərsin gedişini izləyir, uşaqlara kömək edir, nizam-intizamı və əlaqəni qoruyur. Beləliklə, şagird nə tək qalır, nə də ekrana baxıb itir”.
“Distant təhsildə sistemi daha çevik olur: hava şəraiti, yol problemləri, mövsümi xəstəliklər dərsin dayanmasına səbəb olmur”
Onun fikrincə, distant təhsildə keyfiyyətin qorunması da əsas məsələdir və bu təsadüfə buraxılmır: “Müəllimlər əvvəlcədən seçilir, onlara onlayn dərs aparma bacarıqları üzrə qısa, amma məqsədli təlimlər verilir. Dərslər yazılır, sonradan izlənilir, rəy bildirilir, müəllimlər bir-birindən öyrənir. Bu sistem bir növ güzgü kimidir: müəllim həm özünü görür, həm də necə inkişaf edə biləcəyini anlayır. Dünyanın bir çox ölkələrində müəllim keyfiyyətini qorumağın yolu artıq təkcə yoxlama yox, davamlı dəstəkdir və bu pilot layihə də həmin yanaşmaya uyğun qurulur.
Belə bir model müəllim çatışmazlığını da ağıllı şəkildə həll edir. Məsələn, ucqar bir məktəbdə fizika müəllimi tapmaq çətindir, amma ölkə üzrə yaxşı fizika müəllimləri var. Onlar eyni anda bir neçə ucqar məktəblə işləyə bilərlər. Bu həm müəllimin potensialından daha səmərəli istifadədir, həm də şagirdin keyfiyyətli dərsə çıxışıdır. Dərslər real vaxtda, cədvəl üzrə keçirilir, tapşırıqlar toplanır, nəticələr izlənir, zəif mövzularda əlavə izahlar verilir. Yəni distant dərs “baxdım-keçdim” deyil, izlənən və ölçülən bir prosesə çevrilir.
Bu cür pilot layihələr ümumi təhsil sistemi üçün də çox vacib məlumatlar yaradır. Hansı mövzular uşaqlara çətin gəlir, harada əlavə dəstək lazımdır, hansı məktəblərdə nəticələr daha sürətlə yüksəlir – bütün bunlar data kimi toplanır və sonrakı qərarların əsasına çevrilir. Üstəlik, sistem daha çevik olur: hava şəraiti, yol problemləri, mövsümi xəstəliklər dərsin dayanmasına səbəb olmur. Təhsil davam edir, sadəcə format dəyişir”.
G.Əkbərova vurğulayıb ki, şagirdlərin motivasiyası distant mühitdə xüsusilə diqqət tələb edir. Burada uzun monoloqlar işə yaramır: “Qısa izahlar, tez-tez suallar, mini tapşırıqlar, qrup işləri və real həyatla bağlı layihələr uşağın diqqətinin yayınmasına imkan vermir. Uşaq özünü dərsdə görünən və eşidilən hiss edəndə məsafə ikinci plana keçir. Əslində, motivasiyanın sirri texnologiyada yox, müəllimin uşağa verdiyi diqqətdədir.
Texniki imkanlar isə bu modelin bel sütunudur. İnternet zəifdirsə, səs və görüntü kəsilirsə, cihaz yoxdursa, ən yaxşı müəllim də çarəsiz qalır. Ona görə də distant model yalnız platforma ilə deyil, eyni zamanda məktəblərin interneti, kompüterləri və texniki dəstəyi ilə birlikdə düşünülməlidir. Bu sahədə atılan hər addım birbaşa təhsilin keyfiyyətinə təsir edir.
Uzunmüddətli baxanda bu layihə həm şagirdlər, həm də müəllimlər üçün böyük qazanc vəd edir. Şagirdlər daha güclü fənn bazası qazanır, rəqəmsal bacarıqları inkişaf edir və özlərinə inamları artır. Müəllimlər isə yeni tədris formatlarına uyğunlaşır, daha geniş peşəkar mühitin bir hissəsinə çevrilir və öz işlərini daha şəffaf şəkildə görüb inkişaf etdirə bilirlər”.
O qeyd edib ki, Azərbaycanın bu istiqamətdə atdığı addımlar beynəlxalq təcrübə ilə eyni məntiqə söykənir: ucqar bölgədə yaşayan uşaq da paytaxtdakı uşaq qədər keyfiyyətli dərs almalıdır: “Fərq ondadır ki, bəzi ölkələr bu sistemi illərdir qurur, biz isə indi öz reallığımıza uyğun şəkildə sınaqdan keçiririk. Pilot mərhələnin məqsədi də elə budur – nə işləyir, nə işləmir, hamısını görmək və daha güclü bir model yaratmaq.
Sonda məsələni çox sadə demək olar: məsafə uşağın taleyini müəyyən etməməlidir. Əgər müəllim ucqar kəndə gedə bilmirsə, təhsil ucqar kəndə getməlidir. Bu pilotun ruhu da məhz budur”.
Tehsil-press.az

















