Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko və Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayevin görüşü haqda məlumat vermişdik. Rusiya XİN-in rəsmi saytında bildirilirdi ki, tərəflər Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirədə (AQEM) Moskva-Bakı əməkdaşlığını müzakirə ediblər.
Görüşdə Rəhman Mustafayev AQEM-in sədri kimi Bakının prioritetlərini, o cümlədən platformanın tammiqyaslı beynəlxalq struktur halına gətirilməsini, nizamnaməsinin hazırlanmasını, format daxilində üzv ölkələr arasında qarşılıqlı əlaqənin intensivləşdirilməsinin vacibliyini qeyd edib.
Rudenko Moskvanın Azərbaycanda AQEM sammitinin təşkili üçün Bakının səylərini tam dəstəklədiyini bildirib.
Xatırladaq ki, 2024-cü ilin dekabr ayında Azərbaycan ikiillik sədrliyi öz üzərinə götürüb. AQEM Asiya qitəsində sülhün, təhlükəsizliyin və əməkdaşlığın möhkəmləndirilməsi məqsədilə fəaliyyət göstərən nüfuzlu bir beynəlxalq təşkilatdır. Azərbaycan bu təşkilatın tamhüquqlu üzvüdür və onun zirvə toplantılarında iştirak edir, ölkənin AQEM-in tamhüquqlu beynəlxalq təşkilata çevrilməsi prosesində də rolu var.
Rusiya XİN müavini Azərbaycanın səfiri ilə görüşüb - ANS - Xəbərlər
Rusiya Diplomatları Assosiasiyasının sədr müavini və Ali İqtisadiyyat Məktəbinin professoru Andrey Baklanov "Vestnik Kavkaza"ya deyib ki, "Bu, çox ciddi məsələdir. Əsasən, biz Asiyadan Avropaya qədər uzanan geniş bir məkanda yeni siyasi güc balansının formalaşdırılmasında iştirakımızdan danışırıq. Bu geosiyasi məkanın dəqiq sərhədləri danışıqlar yolu ilə müəyyən edilməlidir. İnanıram ki, Rusiya və Azərbaycan diplomatları arasında bu görüşlər planların müəyyənləşdirilməsi və AQİM-in genişləndirilməsi ideyasına təkan vermək üçün vacib olacaq", - deyə Andrey Baklanov vurğulayıb.
"AQİK-in aktivləşdirilməsi ideyası üç il əvvəl ortaya çıxıb və bu yaxınlarda dünyada kəskin geosiyasi vəziyyət nəzərə alınmaqla, bu, getdikcə daha vacib hala gəlib. Buna görə də, Moskva və Bakının bu ideyanı ikitərəfli əlaqələrdə araşdırması tamamilə məntiqlidir", - deyə diplomat bildirib.
Münasibətlərin indi o qədər də hamar olmayan Rusiya ilə belə əməkdaşlıq perspektivləri nə vəd edir?
AMİP liderinin köməkçisi, politoloq Əli Orucov açıqlamasında ikiillik sədrliyin gələcək üçün mühüm rol oynayacağını qeyd etdi: "Asiya dövlətlərini birləşdirən müxtəlif əməkdaşlıq formatları mövcuddur. Bütün bunların hamısı qarşılıqlı əlaqələrin, inteqrasiyanın və münasibətlərin daha da dərinləşməsində mühüm rol oynayır. Rusiya ilə Azərbaycan da həm ikitərəfli, həm də çoxtərəfli platformalarda əməkdaşlıq edir. Moskva ilə Bakı arasında məlum ötən il baş verən təyyarə qəzasından sonra gərginlik yaşansa da, bunun iqtisadi sahədə ciddi təsirə gətirib çıxarmadığını rəsmi açıqlamalara və statuslu məlumatlara görə söyləyə bilərik. İki ölkə arasında ticarət dövriyyəsi artan templə davam edib.
Moskva üçün Asiya çox vacib regiondur. Böyük potensialı və resursları var. Azərbaycanın da son dövrlər bu bölgədə fəallığı və əhəmiyyəti xeyli dərəcədə artıb. Fəal oyunçulardan birinə çevrilib. Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə Bakı üçün də maraq kəsb edir. Azərbaycanın sədrlik etdiyi beynəlxalq və regional təşkilatların uğurlara imza atması təcrübədə bir neçə dəfə sınanılıb. Hesab edirəm ki, bu qurumda ikiillik sədrliyi də gələcək inkişafı üçün əhəmiyyətli olacaq".
Tehsil-press.az










