BDU-nun tələbələri təltif olunublar

BDU-nun tələbələri təltif olunublar Bakı Dövlət Universitetinin (BDU) sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Əliş Ağamirzəyev Universitetin ictimai həyatında fəal iştirak edən gənclər təşkilatlarının üzvləri və tədris göstəricilərinə görə fərqlənən tələbələrlə görüşüb.

Əliş Ağamirzəyev 2025-ci ilin BDU-nun həyatında əlamətdar hadisələrlə yadda qaldığını və Universitetdəki tələbə təşkilatlarının daha da aktiv fəaliyyət göstərdiyini qeyd edib. Bildirib ki, 2020-ci ildə ali məktəblər arasında ilk dəfə BDU-da Humanitar məsələlər və gənclər siyasəti şöbəsi yaradılıb. Şöbənin əsas fəaliyyəti dövlət gənclər siyasətinin icrası, gənclər təşkilatlarının sistemli idarəsi və davamlı inkişafına əsaslanıb. Hazırda BDU-da Tələbə Gənclər Təşkilatı, Tələbə Həmkarlar İttifaqı Komitəsi və “BDU könüllüləri” təşkilatı minlərlə tələbənin inkişafı istiqamətində uğurlu layihələr icra edir. Bununla bərabər, BDU tələbələri ölkə miqyaslı tədbirlərdə də böyük fəallıq nümayiş etdirirlər.

Bu ilin ölkəmizdə Prezident İlham Əliyev tərəfindən “Şəhərsalma və Memarlıq İli” elan edildiyini deyən prorektor Əliş Ağamirzəyev tələbələri bu istiqamətdə fəal olmağa çağırıb. Fərdi təşəbbüs və layihələrin onların özünüifadə və innovativ düşüncə qabiliyyətlərinin inkişafına təkan verəcəyini qeyd edib: “Şəhərsalmada urbanizasiyanın rolu və süni intellektin müasir şəhərlərdə tətbiqi bu gün aktualdır. Gənclərin belə təşəbbüslər ilə çıxış etməsinə biz hər zaman dəstək olmağa hazırıq. Ümummilli Lider Heydər Əliyevin məzunu olması ilə fəxr etdiyi BDU-nun tələbələri hər zaman savadlı, vətənpərvər olmalıdır. Biz buna əminik”.

Daha sonra Universitetin ictimai həyatında fəal iştirak edən gənclər təşkilatlarının üzvləri və tədris göstəricilərinə görə fərqlənən tələbələr təltif ediliblər.

Tehsil-press.az

Oxşar xəbərlər