Azərbaycanda MTK-ların fəaliyyəti ilə bağlı yeni tələblər təklif olunur

Azərbaycanda MTK-ların fəaliyyəti ilə bağlı yeni tələblər təklif olunur Azərbaycanda tikintiyə başlamazdan əvvəl mənzil-tikinti kooperativləri (MTK) üçün bank zəmanəti və ya sığorta təminatı mexanizmlərinin tətbiqi nəzərdən keçirilməlidir.

Bu təkliflə Milli Məclisin növbəti plenar iclasında deputat Razi Nurullayev çıxış edib.

Deputat bildirib ki, tikinti yarımçıq qaldığı halda, bina məhz həmin təminat vəsaiti hesabına tamamlanmalıdır:

"Təəssüf ki, mövcud qanunvericilik vətəndaşları tam qoruya bilmir. Konkret hüquqi mexanizmlərin yaradılmasına ehtiyac var. Bəzi MTK-ların məsuliyyətsizliyi, maliyyə intizamsızlığı və rəhbərlikdəki şəxslərin hüquqi problemləri səbəbindən minlərlə ailə yarımçıq qalmış binaların girovuna çevrilib".

R.Nurullayev vətəndaşların ödədiyi vəsaitin birbaşa MTK-lara deyil, nəzarətli depozit hesablarına köçürülməsini təklif edib. Onun sözlərinə görə, bu vəsait tikintinin real mərhələlərinə uyğun olaraq mərhələli şəkildə istifadə olunmalıdır.

Deputat həmçinin MTK rəhbərliyinin şəxsi məsuliyyətinin artırılmasını vacib sayır:

"Dələduzluq və ya vəsaitin təyinatdan kənar istifadəsinə görə təkcə şirkət yox, rəhbərlik də məsuliyyət daşımalıdır. Belə hallara yol verən şirkət və şəxslər üçün uzunmüddətli tikinti qadağaları və ya daha sərt sanksiyalar tətbiq edilə bilər".

O, dövlət nəzarətinin gücləndirilməsini, riskli MTK-lar üzrə "qara siyahı"nın hazırlanaraq ictimaiyyətə açıqlanmasını da təklif edib.

Deputatın fikrincə, zərərçəkmiş vətəndaşlar üçün sürətli hüquqi mexanizmlər yaradılmalıdır.

"Tikinti mübahisələri üzrə xüsusi prosedur, müvəqqəti dövlət tamamlayıcı fondu və pulsuz hüquqi yardım mexanizmi olmalıdır. Minlərlə vətəndaş bu problemlərdən əziyyət çəkir.

"İstədiyini tik, pulu necə gəldi xərclə, sonra məsuliyyətdən yayın" dövrü bitməlidir. Burada söhbət bazardan yox, insan taleyindən gedir. Bu səbəbdən Mülki Məcəlləyə və Şəhərsalma və Tikinti Məcəlləsinə kompleks dəyişikliklər paketi hazırlanmalıdır. Bu dəyişikliklər vətəndaşların xeyrinə olacaq və sahədəki problemlərin aradan qaldırılmasına xidmət edəcək", - deyə R.Nurullayev vurğulayıb.

Tehsil-press.az

Oxşar xəbərlər