Ürək-damar cərrahı, Milli Məclisin deputatı Rəşad Mahmudov: “Təəssüf ki, yay tətilinə gələndə atam artıq həyatda yox idi. İndi hər bir insanı əməliyyat və ya müalicə edib həyata qaytaranda içimdə sanki atamı sağaldırmışam kimi hesabat verirəm”.Bakı Şəhəri üzrə Təhsil İdarəsi və “Kaspi” qəzeti tərəfindən reallaşdırılan “Məktəbdə...” layihəsinin budəfəki qonağı tanınmış ürək-damar cərrahı, Milli Məclisin deputatı Rəşad Mahmudov oldu. Paytaxtdakı 23 nömrəli tam orta ümumtəhsil məktəbində keçirilən görüşdə qonaq “Həyatın əsas açarı uşaqlıqdan xəyal etmək, gerçəkləşmiş kimi şükür etmək, inanmaq və hər şeyə rəğmən yorulmadan yola davam etməkdir”, - deyə vurğuladı.
“12 yaşımda həkim olmaq qərarını vermişdim”
R.Mahmudov qeyd etdi ki, uşaqlıqda qurulan xəyallar insanın gələcək həyat yolunu müəyyənləşdirir: “Mən ürək-damar cərrahıyam. Hər gün kiminsə ürəyinə toxunmaq imkanım var. Həkim olmaqla bərabər aliməm. Tibb Universitetində rezidenturada dərs deyirəm. Həm də millət vəkiliyəm. Qanun layihələrinin hazırlanması, müzakirəsi və qəbulunda iştirak edirəm, dövlətin qanunvericilik siyasətində rol oynayıram”. Millət vəkili uşaqlara zaman-zaman həyata keçən uşaqlıq xəyalları ilə bağlı hekayəsini də anlatdı: “Hələ məktəbdə oxuyarkən - 12 yaşımda həkim olmaq qərarını vermişdim. Davamlı xəyallar qururdum. Ona görə də uğur qazandım. Biz məktəbi qurtaranda - 90-91-ci illərdə ölkənin ən çətin zamanı idi. Azərbaycan yenicə müstəqilliyini bərpa etmişdi, müharibə başlamışdı. Ölkədə işıq, qaz yox idi. Bu günlə müqayisədə həmin dövrdə xəyal qurmaq da çətin idi. Hətta hərdən “niyə mən başqa ölkədə yox, bu ölkədə doğuldum” deyə şikayətlənirdim. Amma məktəbdə yaxşı oxumağa çalışırdım”.
“Əgər insanlar ürəklərini mənə etibar edirlərsə...”
Millət vəkili vurğuladı ki, o vaxt Türkiyəyə təhsil almaq üçün göndərilən 50 tələbənin arasına düşmək, həkim olacaq beş gəncdən biri olmaq fürsəti qazanıb: “Türkiyədə oxumağa başlayanda sevincimin həddi-hüdudu yox idi. Ölkəmizdə müharibə gedirdi və bizi xaricdə oxumağımza görə qınayanlar da vardı. Biz bir gün müharibəyə getmək istəyimizlə bağlı rektorluğa müraciət etdik. “Əgər bu dövlətin tələbi deyilsə, demək siz burada lazımsınız. Oxuyub həkim kimi ölkənizə lazım olacaqsınız”, - deyə cavab verildi. Universiteti bitirdik, vətənə qayıtdıq. Təhsil aldığımız üçün hərbi xidmətə gedə bilməmişdik. Qayıdandan sonra bu xidməti işimizlə ödəməyə çalışdıq. 2005-ci ildə həkim kimi fəaliyyətə başlayanda Heydər Əliyev Fondunun dəstəyi ilə iki min uşağın pulsuz əməliyyat olunmasına dəstək verdik. Naxçıvana, Qazaxa, Gəncəyə gedərək, bu cür əməliyyatların həyata keçirilməsində iştirak etdik. Müharibədə yaralanan hərbçilərin müalicəsinə yardım göstərdik. Hərbi xidmətimizin əvəzini qismən də olsa bu yolla yerinə yetirdik. İndi düşünürəm ki, əgər bu gün insanlar ürəklərini mənə etibar edirlərsə, demək düzgün xəyallar qurmuşam. Əgər Milli Məclisdə hansısa qanunların qəbul olunmasında əməyim keçirsə, demək xəyallarımda yanılmamışam”.
“Bu, onun mənə yazdığı son məktub oldu”
R.Mahmudov mükəmməl ürək-damar cərrahı olmaq üçün çəkdiyi zəhmətdən də söz açdı: “Türkiyədə uzmanlıq imtahanında iştirak etdim. Professorun əlinə baxıb düşünürdüm: “Mən öz professorumdan da yaxşı həkim olacağam. Azərbaycanda ürək cərrahiyyəsi yoxdur. Elə edəcəyəm ki, heç kim ürəkdən ölməsin”.
Türkiyədə oxuyanda atamı ürək xəstəliyindən itirdim. 1998-ci ildə dünya şöhrətli ürək cərrahı Maykl Debeykinin Bakıya gəlişi və Ulu Öndər Heydər Əliyevlə görüşməsi ilə bağlı televiziyada reportaj yayımlandı. Görüşdə gələcəkdə ölkədə böyük ürək mərkəzinin açılacağı bildirildi. Atam həmin gün gecə ilə mənə məktub yazıb göndərmişdi. Təəssüf ki, bu, onun mənə yazdığı son məktub oldu. Atamda ürək-damar xəstəliyi olduğunu düşünürdük. Amma ciddi şikayəti yox ikən qəfil vəfat etməsi bizim üçün çox gözlənilməz alındı. O məktub mənim bu peşəyə bağlanmağım üçün ən böyük motivasiya oldu. Təəssüf ki, yay tətilinə gələndə atam artıq həyatda yox idi. İndi hər bir insanı əməliyyat və ya müalicə edib həyata qaytaranda içimdə sanki atamı sağaldırmışam kimi hesabat verirəm. Şükürlər olsun ki, müalicə etdiyimiz xəstələrin böyük bir hissəsi sağlığına qovuşur. Bu da tibbin bugünkü inkişafı və bizə verdiyi imkanlarla mümkün olur. Seçdiyim peşədən - həkimlikdən razı qaldım. Yəqin ki, həkimlik də məndən razı qaldı. Hər bir sənətin öz dəyərləri var. Yetər ki, sənətini ürəkdən sevəsən və zəhmət çəkəsən. Bir insan sənətini həyatının ayrılmaz parçası hesab edirsə, işləyərkən özünü rahat hiss edir”.
“Bu gün kosmosa çıxmaq üçün xəyallar qurmalısınız”
R.Mahmudov şagirdlərə “dərin düşünən insan həmişə fərqli olur”, “ən böyük sərmayəniz diqqətinizdir”, “telefon sizi idarə etməsin”, “böyük olmaq üçün böyük düşünmək lazım deyil, böyük iş görmək lazımdır” kimi tövsiyələrini də verdi: “Bir şeyə ürəkdən kilidlənmək lazımdır. Hər birimizin bir arzusu olur: tez böyümək, imkan sahibi olmaq, valideynlərimizə, qohum-qonşuya, ölkəmizə kömək etmək istəyirik. Yaxşı həkim, müəllim, mühəndis olmağı arzulayırıq. Müxtəlif xəyallar qururuq. Siz də, məsələn, bu gün kosmosa çıxmaq üçün xəyallar qurmalısınız. İnsan xəyalını düzgün quranda, hədəflərini daha asan müəyyənləşdirə bilir. Xəyallarınızı düzgün qursanız, nəinki özünüzü xoşbəxt edə, ümumilikdə ölkənizə də böyük xeyir verə bilərsiniz”.
Tehsil-press.az








