Qüdrət Qurbanov bu vəzifəsini də itirdi - Vüqar Əhmədovun tabeliyinə keçdilər

Qüdrət Qurbanov bu vəzifəsini də itirdi - Vüqar Əhmədovun tabeliyinə keçdilər Azərbaycanda bir olimpiya idman növü üzrə federasiya ləğv olunub.

Söhbət Azərbaycan Yelkən Federasiyasından gedir.

2000-ci ildə yaradılmış federasiya ötən il hər hansısa bir fəaliyyəti ilə yadda qalmayıb. Sonuncu dəfə Yelkən Federasiyası 2024-cü ilin 19-21 sentyabr tarixlərində Xəzər dənizinin Şıxov qəsəbəsindəki sahilində Federasiya Kuboku keçirib. Bundan sonra federasiyada işlər qaydasında getməyib. Buna səbəb isə federasiya rəhbərinin əvvəlki vəzifəsində olmamasıdır.

Belə ki, federasiyaya 2014-cü ildən sabiq Dövlət Dəniz Administrasiyasının rəhbəri Qüdrət Qurbanov prezidentlik edirdi. Daha sonra 2018-ci ilin yanvarın 12-də bu administrasiya ləğv edildi və yerində Dövlət Dəniz Agentliyi (indiki Dövlət Dəniz və Liman Agentliyi) yaradıldı. Agentlik indiki Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tabeçiliyində fəaliyyət göstərməyə başladı. Q.Qurbanov elə həmin il agentliyin direktoru təyin edilsə də, sonra bu vəzifəsindən azad edildi.

Son olaraq Q.Qurbanov 2024-cü ilin payızında Azərbaycan Dövlət Dəniz Akademiyasının prorektoru və rektor əvəzi təyin olundu. Hazırda o, sözügedən akademiyada Tədrisin təşkili və idarəedilməsi üzrə prorektordur. Həmçinin, yanvarın 16-da "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" (ASCO) rəhbərliyində dəyişiklik də sözügedən federasiyanın ləğvinə təsirsiz ötüşməyib.

Qeyd edək ki, Qüdrət Qurbanov sonuncu dəfə 2022-ci ilin aprelin 26-da bu federasiyaya prezident seçilib. Həmin vaxt federasiyanın adı Yelkənli İdman Federasiyasından Yelkən Federasiyasına dəyişdirilib.

Bu federasiyanın səlahiyyətləri isə bundan sonra "Azərişığ"ın rəhbəri Vüqar Əhmədovun prezidenti olduğu Azərbaycan Su İdman Növləri Federasiyasına verilib. Xatırladaq ki, bu federasiyanın adı fevralın 20-də dəyişdirilib. Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının adının dəyişdirilməsində səbəblərdən biri də məhz yelkən idmanının bura əlavə edilməsi olub.

Sonda onu da bildirək ki, bununla da Azərbaycanda olimpiya idman növləri üzrə federasiyaların sayı 27-dən 26-ya enib.

Tehsil-press.az

Oxşar xəbərlər