Prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib. Məhkəmə cinayət işinin baxışa verilməsi barədə qərar qəbul edib. İş üzrə növbəti iclas martın 18-nə təyin olunub.
Qeyd edək ki, DTX tərəfindən həyata keçirilmiş əməliyyat-istintaq tədbirləri zamanı Azərbaycan vətəndaşları – 2000-ci il təvəllüdlü, “Abu Zər əl-Mühacir” dini ləqəbli Quliyev İlqar İlham oğlu, 2005-ci il təvəllüdlü, “Abdurəşid” dini ləqəbli Piriyev Amin Elşad oğlu və 2005-ci il təvəllüdlü, “Abdurrahman əl-Azəri” dini ləqəbli Əlizadə Elvin Sənan oğlunun dini düşmənçilik zəminində Bakı şəhərində xarici ölkənin səfirliyinə terror hücumu törətməyə hazırlıq görmələrinə əsaslı şübhələr yaranıb. İstintaq materiallarına görə, adıçəkilən şəxslər İŞİD terror təşkilatının “Vilayəti-Xorasan” silahlı qruplaşmasının üzvləri ilə cinayət əlaqəsinə girərək, qabaqcadan əlbir olan bir qrup şəxs halında xarici dövlətin Azərbaycandakı səfirliyinə terror hücumu etmək üçün silah qismində istifadə olunan predmetlər əldə ediblər.
Onlar səfirliyin yerləşdiyi əraziyə yaxınlaşarkən DTX əməkdaşları tərəfindən saxlanılıblar. Faktla bağlı İlqar Quliyev, Amin Piriyev və Elvin Əlizadə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 28, 214.2.1, 28, 214.2.3 və 28, 214.2.6-cı maddələri (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə, dini düşmənçilik zəminində terrorçuluğa hazırlıq) ilə cinayət məsuliyyətinə cəlb olunublar. Onların barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Tehsil-press.az






