Tarix boyu böyük mütəfəkkirlər sözün və mətbuatın gücünü yüksək qiymətləndirmişlər. Alman filosofu Hegel mətbuatı “xalqın gündəlik duası” adlandırırdı. Fransız maarifçisi Voltaire söz azadlığını cəmiyyətin tərəqqisinin əsas şərti kimi dəyərləndirirdi. Görkəmli ictimai xadim Thomas Jefferson isə mətbuatın əhəmiyyətini vurğulayaraq qeyd edirdi ki, azad mətbuat olmadan azad cəmiyyət mümkün deyil. Bu fikirlər bir daha sübut edir ki, mətbuat təkcə informasiya ötürücüsü deyil, həm də ictimai şüurun formalaşdırıcısı, vətəndaş mövqeyinin güzgüsü və idarəetmənin mühüm alətidir.
Heç də təsadüfi deyil ki, mətbuat “dördüncü hakimiyyət” adlandırılır. Qanunverici, icraedici və məhkəmə hakimiyyətləri ilə yanaşı, cəmiyyətin fəaliyyətinə nəzarət edən, şəffaflığı təşviq edən və ictimai rəy formalaşdıran güc məhz media institutudur. Bu baxımdan, təhsil kimi strateji bir sahədə fəaliyyət göstərən media qurumlarının rolu daha da önəmlidir. Çünki təhsil gələcəyin memarıdır, mətbuat isə bu gələcəyin istiqamətini göstərən kompasdır.
On il ərzində “Təhsil-Press” İnformasiya Agentliyi yalnız xəbərləri təqdim etməklə kifayətlənməyib, həm də təhsil mühitində gedən proseslərin mahiyyətini açıb, islahatların ictimai müzakirəsinə töhfə verib, maarifçilik missiyasını şərəflə yerinə yetirib. “Təhsil-Press”in səhifələrində yayımlanan analitik yazılar, ekspert rəyləri və obyektiv məlumatlar oxucular üçün etibarlı mənbəyə çevrilib. Bu isə asan qazanılan etimad deyil - bu, illərin zəhməti, peşəkarlığı və prinsiplərə sadiqliyin nəticəsidir.
On illik yubiley sadəcə təqvim göstəricisi deyil - bu, bir yolun, bir ideyanın, bir missiyanın yetkinlik mərhələsidir. Bu əlamətdar yubiley münasibətilə “Təhsil-Press” İnformasiya Agentliyinin bütün kollektivini səmimi qəlbdən təbrik edir, gələcək fəaliyyətlərində daha böyük uğurlar arzulayıram. Xüsusilə agentliyin rəhbəri Əkbər Hüseynzadəni ayrıca qeyd etmək istərdim. O, media məkanında öz dəsti-xətti, prinsipiallığı və obyektivliyi ilə seçilən peşəkar jurnalistdir. Əkbər müəllim sözə məsuliyyətlə yanaşan, informasiyanın dəyərini və çəkisini dərindən anlayan, həqiqəti qorumağı peşə borcu deyil, mənəvi missiya hesab edən bir ziyalıdır. Onun rəhbərliyi altında “Təhsil-Press” yalnız xəbər yayan platforma deyil, həm də düşünən, təhlil edən və istiqamət göstərən bir media məktəbinə çevrilmişdir.
Peşəkar keyfiyyətləri ilə yanaşı, Əkbər Hüseynzadənin insani xüsusiyyətləri də onu fərqləndirən əsas cəhətlərdəndir. O, sadəliyi, səmimiyyəti, kollektivə qayğıkeş münasibəti və yüksək mədəniyyəti ilə həmkarlarının hörmətini qazanmış bir rəhbərdir. Tələbkar olduğu qədər də ədalətli, prinsipial olduğu qədər də anlayışlıdır. Gənc jurnalistlər üçün örnək, həmkarları üçün etibarlı dayaqdır. Onun rəhbərliyində formalaşmış sağlam yaradıcılıq mühiti agentliyin uğurlarının əsas təminatıdır. Əminəm ki, Əkbər Hüseynzadənin peşəkar baxışı, zəngin təcrübəsi və güclü təşkilatçılıq qabiliyyəti “Təhsil-Press”i qarşıdakı illərdə daha böyük nailiyyətlərə aparacaq. Qoy onun qələmi daim həqiqətin keşiyində dayansın, sözü cəmiyyətə işıq tutsun, fəaliyyəti isə milli mətbuatımızın inkişafına yeni töhfələr versin.
Bir daha Əkbər Hüseynzadəni və Agentliyin bütün yaradıcı kollektivini 10 illik yubiley münasibətilə ürəkdən təbrik edir, möhkəm cansağlığı və davamlı uğurlar arzulayıram. Sözünüz kəsərli, imzanız daim nüfuzlu olsun!
Kəramət Qənbərov
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik
Akademiyasının Sənədlərlə iş və arxiv şöbəsinin müdiri,
“Dövlət qulluğu və kadr siyasəti” kafedrasının müəllimi,
Beynəlxalq hüquq üzrə ekspert
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik
Akademiyasının Sənədlərlə iş və arxiv şöbəsinin müdiri,
“Dövlət qulluğu və kadr siyasəti” kafedrasının müəllimi,
Beynəlxalq hüquq üzrə ekspert
Tehsil-press.az











