Laricani İranın başına gələn hadisələr fonunda islam ölkələrinin mövqeyini sərt tənqid edib, deyib ki, nadir siyasi bəyanatlar istisna olmaqla, islam dövlətlərinin əksəriyyəti İran xalqına dəstək verməyib.
Adam müəyyən mənada haqlıdır. Doğrudan da İran ABŞ və İsrailin qarşısında təklənmiş durumdadır. Heç ABŞ və İsrail də İrana qarşı beynəlxalq koalisiya qura bilməyiblər, ancaq hər iki dövlət güclüdürlər və köməkləşiblər. İran isə meydanda tək qalıb.
Ancaq baxaq, görək, bu, niyə belədir?
Birincisi, İranın sırf nüvə silahı əldə etmək ambisiyası və ehtirası ilə bağlı hələ 20 il öncədən bunun ona baha başa gələcəyi, regionda təklənəcəyinə səbəb olacağı barədə mülahizələr səslənirdi. Yəni bu durumun yaranacağını İranı ali saraylarında da bilməli idilər.
İranın bu qorxunc silahı əldə etməsini istəməyənlərin başında günaşırı yox edilməklə, Yer üzündən silinməklə hədələnən İsrail dövləti gəlsə də, əslində Səudiyyə Ərəbistanı da, İraq da, körfəz ölkələri də Tehranın nüvə silahına malik olmasını istəmir, bunu öz təhlükəsizliklərinə təhdid hesab edirdilər.
Türkiyə son 15 ildə İsraillə arasının pozulması, ABŞ ilə münasibətlərinin soyuması səbəbindən İranın nüvə silahı əldə etməsini özü üçün təhlükə saymasa da, bu ölkədə “dünyanın işini bilmək olmaz” deyə düşünənlər də az deyildi. Gerçəkdən də, nə bilmək olardı ki, Tehranın Ankarının onun qabağından qaçmasını görən kimi, türk dövlətini nüvə silahı ilə şantaj edərək daha böyük iddialara düşməyəcək?
Bu baxımdan yaxın qonşularından hər biri İranın nüvə silahı düzəltməsinə açıq və gizli şəkildə qarşıydı. Hazırda ABŞ və İsrail onların arzuladığı situasiyanı yaradır – İranın nüvə silahı əldə etməsinə mane olur.
Laricani hansı müsəlman ölkələrindən dəstək umur ki, raketi çatanların hamısını bombalayıb. BƏƏ, Oman, Qətər, Səudiyyə Ərəbistanı, Bəhreyn, Küveyt, İraq və başqaları İran raketlərinin zərbəsinə məruz qalıblar. Türkiyə və Azərbaycan raket və dron zərbələrinə tuş gəlib, ancaq bu dövlətlər İrana qarşı cəbhə almayıblar, neytral qalmağa üstünlük verirlər.
İranın indiki halda təklənməsinin bir səbəbi də 1340 ildən artıq bir müddətdə islam dünyasının qara yarasına çevrilmiş məzhəbçiliyi daha inkarçı və barışmaz hala gətirməsidir. Lap açığı, İranın teokratik rejimi hüseynçiliyi artıq dövlət siyasətinə çevirib, rəsmi təbliğatda İmam Hüseyn bir çox hallarda islam peyğəmbərindən və onun əshabələrindən önə qoyulur və bu sünni məzhəbinə etiqad edənlərin kəskin etirazına səbəb olur. Dini bayramların keçirilməsində də Tehran mütləq fərqli təqvimlərdən istifadə edir, heç bir dini bayramı sünni məzhəbinə etiqad edən ölkələrlə eyni vaxtda keçirmir.
Bundan başqa, 47 il öncə islam inqilabı edərək İranda hakimiyyətə gələn teokratik qüvvələrin yaxın ölkələrə islam inqilabı ixrac etməyə çalışması, qonşu ölkələrin daxilində geniş casus şəbəkəsi və rəğbət qrupları formalaşdırması həmin ölkələrin İrana qarşı olmalarının daha bir səbəbidir. Onlar bunu açıq şəkildə münaqişə predmetinə çevirməsələr də, bu, onları İranla münasibətdə ehtiyatlı mövqe tutmağa, onunla məsafə saxlamağa sövq edirdi.
Ona görə də Laricani və digərləri rəhbərlik etdikləri ölkənin təklənməsinin səbəblərini öz xarici siyasətlərində axtarmalıdırlar.
Gerçəklik bundan ibarətdir ki, bir çox müsəlman ölkələri Laricaninin “böyük və kiçik şeytan” adlandırdığı ABŞ və İsraili sevməsələr də, onları özləri üçün İrandan daha az təhlükəli sayır, onlarla anlaşa biləcəklərini düşünürlər.
Daha bir məqam. ABŞ və İsrailin İrana hücumu heç də dini motiv daşımır. Hücum edənlər yaddinli olsalar da, bu, “xaç yürüşü” deyil, onlar qarşılarına müsəlmanları qırıb-çatmaq, yağmalamaq, dinlərindən döndərmək məqsədi qoymayıblar. Bu baxımdan Laricaninin bu hücumu islam həmrəyliyi prinsiplərinə zidd addım kimi qiymətləndirməsi, “əgər bir müsəlmanın fəryadına cavab vermirsinizsə, bu necə müsəlmanlıqdır” kimi sual qoyması əsassızdır.
Laricani körfəz ölkələrində yerləşən ABŞ bazalarınına görə tənqidi fikirlər səsləndirərkən haqlı görünə bilər, ancaq həmin ölkələr də o bazaları öz ərazilərində durduq yerdə yerləşdirməyiblər, məhz İrandan təhlükə gözlədiklərinə görə yerləşdiriblər.
Müraciətinin sonunda Laricani müsəlman dövlətləri qarşısında açıq sual qoyaraq soruşur ki, bu gün cəbhənin bir tərəfində ABŞ və İsrail, digər tərəfində isə müsəlman İran dayanır, siz hansı tərəfdəsiniz.
Sanki mütləq tərəf tutmaq lazımdır. Başqalarının sırf öz dövlət maraqlarına görə başlatdığı ixtilaf və savaşa qarışmamaq ən optimal variant deyilmi? Çünki üçüncü dövlətin özünə dəxli olmayan davaya qarışarkən zərərçəkənlərdən biri olması ehtimalı yüzdəyüzdür.
İranın əsas problemi odur ki, öz idarəedicilərin ambisiyası ilə regionun ağası olmaq istərkən zərərçəkən durumuna düşüb. Suda boğulanın xilası isə öz əllərinin öhdəsindədir.
Tehsil-press.az










