BDU-da “Akademik yazıya müasir baxış” mövzusunda təlim proqramı

BDU-da “Akademik yazıya müasir baxış” mövzusunda təlim proqramı Bakı Dövlət Universitetinin (BDU) Tələbə Elmi Cəmiyyətinin (TEC) təşkilatçılığı ilə 27 mart – Azərbaycan Respublikasında “Elm günü”nə həsr olunmuş tədbirlər çərçivəsində “Akademik yazıya müasir baxış” mövzusunda ikigünlük təlim proqramı başlayıb.

Əvvəlcə çıxış edən BDU-nun Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzinin direktoru Farid Nağıyev akademik yazının müasir elmi fəaliyyətin əsas komponentlərindən biri olduğunu deyib. Qeyd edib ki, elmi biliklərin sistemli şəkildə ifadə olunması və beynəlxalq elmi ictimaiyyətə düzgün çatdırılması baxımından akademik yazı xüsusi əhəmiyyət kəsb edir. Belə təlimlər tələbə və gənc tədqiqatçılar üçün mühüm platforma rolunu oynayaraq, onların elmi araşdırma bacarıqlarının inkişafına və analitik düşüncə qabiliyyətlərinin formalaşmasına müsbət təsir göstərir.

BDU-nun Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzinin əməkdaşı və BDU TEC-nin sədri Zəhraxanım Rəhimova “Elm günü” münasibətilə keçirilən tədbirlərin əhəmiyyətindən danışıb. Tələbə Elmi Cəmiyyətinin 2025–2026-cı illər ərzində həyata keçirdiyi fəaliyyətlər barədə geniş məlumat verib. Bildirib ki, Tələbə Elmi Cəmiyyəti tələbə və gənc tədqiqatçıların elmi fəaliyyətə cəlb olunmasında, onların tədqiqat potensialının üzə çıxarılmasında və akademik mühitdə fəal iştiraklarının təmin edilməsində mühüm rol oynayır.

Sonra Tələbə Elmi Cəmiyyətinin 2025-ci il ərzində həyata keçirdiyi fəaliyyətləri əks etdirən videoçarx nümayiş etdirilib.

Təlimin davamında BDU-nun Azərbaycan dilçiliyi kafedrasının müəllimi, filologiya elmləri üzrə fəlsəfə doktoru Pərvin Eyvazov akademik yazının nəzəri və praktik aspektləri haqqında təqdimat edib. O, məruzəsində akademik mətnlərin hazırlanması zamanı diqqət yetirilməli olan əsas prinsiplər, elmi məqalənin mahiyyəti, strukturu, istifadə olunan terminologiya, elmi üslubun xüsusiyyətləri və mənbələrdən düzgün istifadə qaydaları barədə ətraflı məlumat verib. Bununla yanaşı, müasir dövrdə sürətlə inkişaf edən süni intellekt texnologiyalarının dilə və elmi yazı prosesinə təsiri məsələsinə də toxunaraq bu alətlərdən düzgün və etik istifadə prinsiplərini izah edib.

Digər təlimçi - BDU ilə əməkdaşlıq çərçivəsində fəaliyyət göstərən “You Will Speak” İngilis dili kursunun baş müəllimi Aysel Əlili akademik yazı prosesində ingilis dilinin rolundan söz açıb. Beynəlxalq elmi mühitə inteqrasiya baxımından ingilis dilində akademik yazının vacibliyini vurğulayaraq tələbələrin elmi məqalə və tədqiqat işlərində rəsmi və akademik ingilis dilindən düzgün istifadə qaydaları, akademik ifadə formaları və elmi mətnlərdə dil üslubu barədə praktiki tövsiyələr verib.

Qeyd edək ki, “Akademik yazıya müasir baxış” mövzusunda təlim proqramının ilk günü humanitar, ikinci günü təbiət elmləri üzrə elmi yazıların hazırlanması işinə həsr olunacaq.

Tehsil-press.az

Oxşar xəbərlər