Hər ay gömrük ödənişi etmədən neçə kq ərzaq gətirmək olar?

Hər ay gömrük ödənişi etmədən neçə kq ərzaq gətirmək olar? Nazirlər Kabinetinin 2013-cü il 14 oktyabr tarixli 305 nömrəli qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş qaydaları”nda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 08 iyul 2016-ci il tarixli 267 nömrəli Qərarı ilə edilmiş dəyişikliklər “Gömrük sistemində islahatların davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 4 mart 2016-cı il tarixli 1853 nömrəli Sərəncamının 3.3-cü bəndinin icrasını təmin etmək məqsədilə Dövlət Gömrük Komitəsi tərəfindən verilən təkliflər əsasında hazırlanıb.

Bu barədə Tehsil-press.az-a Dövlət Gömrük Komitəsindən məlumat verilib.
Məlumdur ki, Azərbaycan Respublikasının daxili və xarici siyasətinin tərkib hissəsi olan vahid gömrük siyasətinin əsas məqsədi öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının iqtisadi mənafeyinin, təhlükəsizliyinin, daxili bazarının qorunmasında, dövlətin iqtisadi siyasətindən irəli gələn digər vəzifələrin yerinə yetirilməsində iştirak etməkdən ibarətdir.
Aparılmış iqtisadi təhlilin nəticəsi olaraq müəyyən edilmişdir ki, son illər fiziki şəxslərin özləri tərəfindən, gömrük ərazisinə gətirilən malların ayrı-ayrı kənar şəxslərin adına rəsmiləşdirilərək Azərbaycan Respublikasının gömrük sərhədindən istehsal və ya kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallar şəklində keçirilməsinə cəhd göstərilir ki, bu da öz növbəsində həmin mallar üçün qanunvericilikdə nəzərdə tutulmuş gömrük ödənişlərindən yayınma, həmçinin qeyd olunan malların qaçaqmalçılığı hallarını artırır.
Bununla yanaşı, qeyd olunan malların fiziki şəxslər tərəfindən yuxarıda göstərilən qaydalarla müəyyən edilmiş hədlər daxilində idxalının həcminin həddindən artıq artması ölkədaxili istehsala da mənfi təsir göstərir.
Nazirlər Kabinetinin 2013-cü il 14 oktyabr tarixli 305 nömrəli qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş qaydaları” Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 299.1-ci maddəsinin tələblərindən irəli gələrək qəbul edilib və fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş qaydalarını nizama salır.
Gömrük Məcəlləsinin 299.2-ci maddəsinin və yuxarıda qeyd olunan Qaydaların 1.5-ci bəndinin tələblərinə əsasən fiziki şəxslər tərəfindən gömrük sərhədindən keçirilən malların təyinatı fiziki şəxsin səfərinin bütün halları nəzərə alınmaqla, malların gömrük sərhədindən fiziki şəxsin və onun ailə üzvlərinin şəxsi istifadəsi və istehlakı məqsədləri üçün keçirildiyi yəqinləşdirilməklə, onların xassələri, miqdarı, habelə sərhəddən keçirilməsinin mütəmadiliyi əsasında gömrük orqanları tərəfindən müəyyən edilir.
Fiziki şəxslər tərəfindən güzəştli qaydada idxal olunmuş malların ticarət şəbəkələrinə yönəldilməsi hallarının çoxalması və nəticədə gömrük ödənişlərindən yayınmaqla qeyri-qanuni ticarətə meyllərin artması müvafiq qabaqlayıcı tədbirlərin görülməsi məqsədilə yuxarıda qeyd olunan qaydalara dəyişikliklər edilməsi zərurətini yaradıb.
Qaydalara edilmiş dəyişikliklər iki qrupa bölünür. Birinci qrupa dəyişikliklər fiziki şəxslər tərəfindən gömrük sərhədindən güzəştli və sadələşdirilmiş qaydada keçirilən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara, ikinci qrupa dəyişikliklər isə fiziki şəxslər tərəfindən gömrük ərazisinə müvəqqəti olaraq gətirilən avtonəqliyyat vasitələrinə aiddir.
Qeyd olunan qaydaların 2.1.2-ci, 2.1.10-cu, 2.1.11-ci və 2.1.12-ci yarımbəndlərinə edilmiş dəyişikliklər həmin qaydaların 1.5-ci bəndində nəzərdə tutulmuş “mütəmadilik” prinsipi nəzərə alınmaqla edilmişdir. Dəyişikliyə əsasən fiziki şəxslər güzəştli qaydada (gömrük ödənişləri ödəmədən) təyinatı istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan hesab edilmiş aşağıdakı göstərilən malları hər təqvim ayı ərzində bir dəfə gömrük ərazisinə gətirə bilərlər:
1. Qaydaların 2.1.1-ci yarımbəndində göstərilən səfər zamanı fiziki şəxsin zəruri ehtiyaclarının ödənilməsi üçün nəzərdə tutulan şəxsi əşyalar istisna olmaqla, Azərbaycan Respublikasının gömrük ərazisinə (bundan sonra - gömrük ərazisi) hər təqvim ayı ərzində bir dəfə gətirilən ümumi gömrük dəyəri 1500 ABŞ dolları ekvivalenti məbləğindən (müşayiət edilən hər bir yetkinlik yaşına çatmamış fiziki şəxsə görə əlavə 500 ABŞ dolları ekvivalenti məbləğindən) artıq olmayan malları;
2. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 188.1.1-ci maddəsi ilə müəyyən olunmuş aksiz vergisindən azadolmalar nəzərə alınmaqla, hər təqvim ayı ərzində bir dəfə şəxsi istifadə üçün gömrük ərazisinə gətirilən 3 litr alkoqollu içkini, 600 ədəd siqareti və 20 qram qızılı, ondan hazırlanmış zərgərlik və digər məişət məmulatlarını, emal olunmuş, çeşidlənmiş, çərçivəyə salınmış və bərkidilmiş 0,5 karat almazı;
3. hər təqvim ayı ərzində bir dəfə 30 kiloqrama qədər müxtəlif növ ərzaq məhsullarını.
Yuxarıda qeyd olunan gömrük ərazisinə malların gətirilməsi ilə bağlı müddət məhdudiyyətləri hava nəqliyyatı vasitəsilə gömrük sərhədindən keçirilən müşayiət olunan baqaja şamil edilmir.
Bu malların güzəştli qaydada (gömrük ödənişlərini ödəmədən) gömrük ərazisinə gətirilməsi üçün həmin malların ümumi gömrük dəyəri 1500 ABŞ dolları ekvivalenti məbləğindən (müşayiət edilən hər bir yetkinlik yaşına çatmamış fiziki şəxsə görə əlavə 500 ABŞ dolları ekvivalenti məbləğindən) artıq olduqda ümumi gömrük dəyərindən yuxarıda göstərilən məbləğlər çıxılmaqla, bu malların gömrük rəsmiləşdirilməsi xarici-iqtisadi fəaliyyətin tarif və qeyri-tarif tənzimlənməsinə uyğun gömrük ödənişləri alınmaqla sadələşdirilmiş qaydada həyata keçirilir.
Qaydalara edilmiş dəyişikliyə əsasən fiziki şəxslər tərəfindən təyinatı istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan hesab edilmiş və güzəştli qaydada (gömrük ödənişlərini ödəmədən) gömrük ərazisinə gətirilən yuxarıda qeyd olunan malların elektron sistem vasitəsilə uçotu Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi tərəfindən müəyyən edilmiş qaydalara uyğun aparılacaq.
Qaydalara edilmiş digər dəyişiklik fiziki şəxlər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük ərazisindən güzəştli və sadələşdirilmiş qaydada aparılması ilə bağlıdır.
Belə ki, dəyişikliyə əsasən fiziki şəxlər hər təqvim ayı ərzində bir dəfə 5 kiloqrama qədər nərə cinsli balığı və 125 qrama qədər nərə cinsli balıq kürüsünü müşayiət olunan, o cümlədən müşayiət olunmayan baqajla gömrük ərazisindən apara və göndərə bilərlər.
Nazirlər Kabinetinin 2013-cü il 14 oktyabr tarixli 305 nömrəli qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş qaydaları”nda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 08 iyul 2016-ci il tarixli 267 nömrəli Qərarı ilə edilmiş dəyişikliklər inkişaf etmiş ölkələrin gömrük işi sahəsində qabaqcıl təcrübəsi nəzərə alınmaqla ticarət-iqtisadi münasibətlərdə idxal və ixrac əməliyyatlarının rəsmiləşdirilməsinin sadələşdirilməsinə, şəffaflığın artırılmasına, Azərbaycanın xarici ticarətinin və sahibkarlığın inkişafında, malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi qaydalarına riayət edilməsinə və nəticədə çevik gömrük siyasətinin həyata keçirilməsinə əlverişli şərait yaradacaq.


Tehsil-press.az

Oxşar xəbərlər