"Bank Standard" 30 minə yaxın əmanətləri limitsiz ödəyəcək

Fiziki şəxslərin “Bank Standard”dakı 30.000 AZN-dək (və ya onun xarici valyutada ekvivalentində) cari/kart hesabları və 2016-cı ildə vaxtı bitən əmanətləri üzrə vəsaitlər limitsiz şəkildə ödəniləcək.

Bu barədə bankdan Tehsil-press.az-a verilən məlumatda bildirilir.
Avqustun 3-dən etibarən Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən QSC “Bank Standard” KB-yə təyin edilmiş müvəqqəti inzibatçılıq müddəti başa çatıb və banka göstərilən dövlət dəstəyi çərçivəsində 4 avqust 2016-cı il tarixdən etibarən bankın sağlamlaşdırma proqramının birinci mərhələsinin icrasına başlanılır.
“Bank Standard”-da yaranmış maliyyə problemlərin tənzimlənməsi məqsədilə banka təyin olunmuş yeni rəhbərlik tərəfindən hazırlanmış sağlamlaşdırma proqramı bankın likvidliyinin artırılması, kapital, aktivlərinin keyfiyyətinin və uzunmüddətli dayanıqlığının təmin edilməsi ilə yanaşı həmçinin əhalinin bankda olan əmanətlərinin mərhələli şəkildə tam həcmdə qaytarılmasını nəzərdə tutur.
“Bank Standard”ın sağlamlaşdırma proqramı müştərilər qarşısında öhdəliklərin icrası ilə yanaşı, həm də bankın gələcək dayanıqlı inkişaf strategiyasının bir hissəsi kimi çıxış edir və ölkənin ən böyük maliyyə institutlarından birinin bazardakı rolunun gücləndirilməsinə yönəlib. Bankın sağlamlaşdırılması prosesi mərhələli şəkildə aparılacaq.
Sağlamlaşdırma proqramının birinci mərhələsi çərçivəsində fiziki şəxslərin “Bank Standard”dakı 30.000 AZN-dək (və ya onun xarici valyutada ekvivalentində) cari/kart hesabları və 2016-cı ildə vaxtı bitən əmanətləri üzrə vəsaitlər limitsiz şəkildə ödəniləcək.
Müştərilərin “Bank Standard”dakı 30.000 AZN-dən artıq (və ya onun xarici valyutada ekvivalentində) cari/kart hesabları və 2016-cı ildə vaxtı bitən əmanət qalıqları üzrə vəsaitlərin ödənilməsi ilə bağlı bir neçə təklif nəzərdə tutulur.
Hazırlanmış təkliflərlə bağlı müştərilərə əlavə məlumat veriləcək.
Müddəti 2016-ci ildən sonra başa çatan əmanətlər üzrə tədbirlər planı sağlamlaşdırma proqramının 2017-ci ildə həyata keçiriləcək ikinci mərhələsi çərçivəsində hazırlanacaq və bu ilin sonunadək təqdim olunacaq.
Sağlamlaşdırma proqramı çərçivəsində həm ölkə daxilində, həm də ölkə xaricində “Bank Standard” KB-nin plastik kartlarının fəaliyyəti bərpa edilir.
Qeyd olunan tarixdən hüquqi şəxslərin “Bank Standard”-dakı cari hesabları üzrə əməliyyatlar məhdudiyyətsiz aparıla bilər.
Xatırladaq ki, Azərbaycan Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Direktorlar Şurasının 2 may 2016-cı il tarixli qərarına əsasən, bankda yaranmış problemləri tənzimləmək üçün dövlət tərəfindən mayın 3-dən etibarən QSC “Bank Standard” KB-yə 3 ay müddətinə müvəqqəti inzibatçı təyin edilmişdi.
Bankın sistem əhəmiyyətini nəzərə alaraq, 4 iyul 2016-cı il tarixdə onun səhmlərinin nəzarət zərfi dövlətə məxsus olan “Azər-Türk Bank” ASC vasitəsilə sağlamlaşdırılması (sanasiyası) haqqında qərar qəbul olunub.
Sağlamlaşdırma proqramı çərçivəsində 03 avqust 2016-cı il tarixində QSC “Bank Standard” KB-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçirilib. Yığıncaqda QSC-nin Müşahidə Şurası və Audit Komitəsinin tərkibi yenidən formalaşdırılıb, İdarə Heyətinin tərkibində dəyişikliklər edilib.
Bankın Müşahidə Şurasının sədri Rumiyə Məmmədova, üzvləri Xəyyam Əliyev və Elşad Şirinbəyov, Audit Komitəsinin sədri Zamiq Məmmədov, üzvləri Raman Abışov və Paşa Əhmədzadə təyin olunublar.
Bundan başqa, Xalid Əhədov “Bank Standard”ın İdarə Heyətinin sədri və Mustafa Rəşidov isə İdarə Heyətinin üzvü vəzifələrinə təyin ediliblər.


Tehsil-press.az

Oxşar xəbərlər