690 bal toplayan abituriyent: “Bakı Ali Neft Məktəb irəli getmək olar”

690 bal toplayan abituriyent: “Bakı Ali Neft Məktəb irəli getmək olar” Kərimli Reyhanə Vafiq qızı I ixtisas qrupu üztə keçirilən qəbul imtahanında 690 bal toplayıb. O, Bakı Ali Neft Məktəbinin (BANM) Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasını seçərək bu ali təhsil ocağında təhsil almaq istəyir. Kərimli Reyhanə 1998-ci ildə Sabirabadda anadan olub. Ailəsi ilə birgə Belarus Respublikasında yaşadığı üçün ibtidai sinfin ilk 2 ilini orada təhsil alıb. 3-cü sinifdən Bakıdakı Nizami rayonu Etibar Cəlilov adına 272 saylı məktəbdə təhsil alıb. Qiymətləri həmişə yüksək olub. Orta məktəbin 3-4-cü siniflərində əlaçı olduğuna görə “Fəxri fərman”la təltif olunub, 9-cu sinifdə “Qırmızı attestat”a layiq görülüb. Kərimli Reyhanə 3-8-ci siniflərdə Xətai rayonu Süleyman Ələsgərov adına 1 saylı uşaq incəsənət məktəbində rəssamlıq sinfinə də gedib. Müsahibimiz heykəltəraşlıqla da məşğul olub

Reyhanə, ilk düzəltdiyin heykəl hansı olub?
- Nəsirəddin Tusinin “Həndəsə” kitabının üstündəki fotosunun heykəlini düzəltmişdim. Amma bu, mənim ilk işim deyildi. Əvvəlki vaxtlarda kiçik heyvan heykəlləri, məsələn, balaca pişiklərin füqurlarını düzəldirdim. Bu mənim üçün hobbidir. Bununla yanaşı, ən çox sadə qələmlə eskizlər çəkməyi xoşlayıram. Natürmortlar da çəkirəm. Həm də musiqi ilə məşğul olmuşam.

Bəs dəqiq elmlərə necə yönləndin?
- Texniki fənnlərə, xüsusən “Riyaziyyat” fənninə marağım çox idi. Ədəbiyyatı orta məktəbdə fənn kimi oxuyurdum, xarici dilə marağım böyükdür, amma riyaziyyat mənə daha maraqlı gəldi. Mən “Proseslərin avtomatlaşdırırlması mühəndisliyi” ixtisasını seçmişəm, çünki kompüterə marağım çoxdur, proqramçı olmağa marağım var.

Yüksək bal toplayacağına və BANM-i seçəcəyinə əmin idin?
- İmtahanda yüksək bal toplayacağıma əmin idim. Məqsədim 700 bal toplamaq idi. Düzdür, 700 bala çatmadım, amma yenə də sevinirəm ki, yüksək bal topladım. Həm atama, həm də özümə söz vermişdim. Hamı da məndən yüksək bal gözləyirdi. Bu nailiyyətimdə müəllimlərimin də əməyi böyükdür. Müəllimlərimə təşəkkür edirəm. Bilirəm ki, burada təhsil almaq asan deyil. Çalışıb məqsədimə çatacam.

Gələcəkdə özünü harda və necə mütəxəssis kimi görürsən?
- Gələcəkdə təhsilimi elmi sahədə davam etdirmək və ya peşəkar mütəxəssis kimi yetişib işləmək istəyirəm. Peşəkar kadr olmaq üçün BANM mənə hərtərəfli kömək edə bilər. BANM-də tələbələri çox yüksək qiymətləndirirlər. Bu günlərdə burada keçirilən “Açıq qapı” gününə gəlmişdim və bir daha əmin oldum ki, bura elə mənim istədiyim yerdir. Burada irəli getmək olar. Fürsətdən istifadə edib, Bakı Ali Neft Məktəbinin kollektivinə bizə göstərdikləri diqqət və qayğıya görə minnətdarlığımı bildirirəm.

Abituriyentlərə nə deyərdin?
- Məncə, bütün fənnlərə vaxt ayırmaq lazımdır. Heç vaxt yoruldum demək olmaz. Sonuncu gücünə qədər oxumaq lazımdır ki, nəyəsə nail olasan. Güc yığıb yenə oxumalısan. Hərdənbir ailə ilə vaxt keçirmək, təmiz hava almaq da lazımdır.


BANM-nin Mətbuat Xidməti

Oxşar xəbərlər