"11 illik səviyyədə yekun attestasiya zamanı imtahan modelində dəyişikliklər olacaq" - DİM-in şöbə müdiri

“Xarici dillərin qiymətləndirilməsinə qoyulan tələblər arasında dilin kompleks şəkildə qiymətləndirilməsi əsas amillərdəndir. Yəni, eşidib-anlama, oxuyub-anlama, yazı bacarıqlarının qiymətləndirilməsi, eyni zamanda danışma bacarığının qiymətləndirilməsi. Təəssüf ki, hələ müəyyən resurslar səbəbindən və kütləvi imtahan olduğuna görə biz danışma bacarığının qiymətləndirilməsini tətbiq edə bilmirik, ancaq bu istiqamətdə də bizim müvafiq işlərimiz görülür”.

Bunu jurnalistlərə açıqlamasında Dövlət İmtahan Mərkəzinin Dövlət dili və xarici dillər üzrə şöbəsinin müdiri Könül Hacıyeva deyib.

“2027-ci ildə 11 illik səviyyədə yekun attestasiya zamanı imtahan modelində, yəni xarici dil üzrə imtahan modelində müəyyən dəyişikliklər olacaq. Bu dəyişiklik nədən ibarətdir? İmtahan suallarının sayı 30-dan öncəliklə 26-ya azaldılıb. Burada 25 qapalı tipli sual olacaq, bir yazı tapşırığı təqdim olunacaq. Əvvəlki modeldə bizim həm qapalı, həm açıq tipli suallarımız vardı. Məsələn, oxu bloku üzrə bir mətn təqdim edilirdi, ona əsasən səkkiz — dördü açıq, dördü qapalı tipli tapşırıq. Növbəti ildən isə biz iki oxu mətni təqdim edəcəyik, ümumilikdə səkkiz sual var, amma bunların hər biri, hər mətn üzrə dörd sual təqdim ediləcək və bunların hər biri qapalı sual olacaq”, - deyə o bildirib.

Tehsil-press.az

Oxşar xəbərlər