Azərbaycan "Şimal-Cənub" dəhlizində strateji rola malikdir - ADY-nin sədr müavini (EKSKLÜZİV)

Azərbaycan “Azərbaycan Dəmir Yolu” QSC-nin sədr müavini İqbal Hüseynovun Tehsil-press.az-a müsahibəsi.

- Məlum olduğu kimi, avqustun 8-də Bakıda Azərbaycan, Rusiya və İran prezidentlərinin görüşü keçiriləcək. Üç ölkəni birləşdirən başlıca mövzu "Şimal-Cənub" layihəsi çərçivəsində bu ölkələrin dəmir yollarının birləşdirilməsi layihəsidir. "Şimal-Cənub" layihəsinin inkişaf perspektivləri baxımından qarşıdakı görüşdən gözləntiləriniz nələrdir?
- Avqust ayında Azərbaycan, Rusiya və İran prezidentlərinin Bakıda nəzərdə tutulan görüşündə, üç ölkəni birləşdirəcək "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizi layihəsi yəqin ki, əsas müzakirə mövzularından biri olacaq. Azərbaycan bu layihənin reallaşmasında xüsusilə maraqlıdır. Strateji baxımdan mühüm şəraitdə, Şimaldan Cənuba və Qərbdən Şərqə - iki əsas beynəlxalq nəqliyyat dəhlizinin kəsişməsində yerləşən Azərbaycan əsrlər boyu özünəməxsus körpü rolunu oynayıb. Proqnozlar göstərir ki, tam gücü ilə fəaliyyət göstərəcəyi təqdirdə “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi Avropa ölkələrinin, Rusiyanın, Orta Asiya və Qafqaz regionlarının Fars körfəzi və Hindistana çıxışına, Xəzəryanı ölkələrin Qara dəniz limanları ilə ticarət əlaqələrinin intensivləşdirilməsinə şərait yaradacaq.

- Avqustun sonunda layihə çərçivəsində Hindistandan ilk qatarın İran və Azərbaycan vasitəsilə Rusiyaya yola buraxılması planlaşdırılırdı. Bu məsələnin hazırlanması üzrə iş necə gedir? Qatarın göndərilməsinin dəqiq tarixi məlumdurmu?
- Bəli, bu məsələ də gündəmdədir. Azərbaycan və Rusiya Dəmir Yolları “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin inkişafı çərçivəsində Hindistan-İran-Azərbaycan-Rusiya marşrutu və əks istiqamətdə yük daşınmasının təşkili hesabına yük axınlarının Azərbaycan və Rusiya dəmir yollarına cəlb edilməsi istiqamətində əməkdaşlıq barədə razılığa gəliblər. Layihənin logistik operatorları “RJD Logistika” SC və “ADY Express” olacaq.
Hazırda Hindistandan Rusiyanın Avropa hissəsinə yüklərin çatdırılması dəniz daşımaları (A marşrutu) hesabına təmin edilir. Nava-Şeva limanından Moskvaya qədər yol təqribən 40 gün təşkil edir. Yeni multimodal “B” marşrutu dəniz, dəmir yolu və avtomobil nəqliyyatından istifadəni ehtiva edir və daşıma müddətini iki dəfə azaltmağa imkan verir. Perspektivdə həmin müddət 14 gün olacaq.
Ümumi razılaşmaya əsasən, yaxın aylarda bu marşrutla ilk nümayiş konteyner qatarı Mumbaydan yola salınacaq, qatar bu dəhlizin konkret iştirakçıları ilə razılaşdırılmış tarif üzrə yükü Moskvaya aparacaq.

- Tərəflər (Azərbaycan, İran, Rusiya) Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu çərçivəsində edildiyi kimi vahid rəqabət qabiliyyətli tarifin tətbiqi üzərində işləyirlərmi? "Şimal-Cənub" layihəsinə daha hansı ölkələr qoşula bilər?
- İyun ayının 2-də Rusiyanın Soçi şəhərində 11-ci Beynəlxalq dəmir yolu biznes forumu çərçıvəsində “Azərbaycan Dəmir Yolu” QSC-nin sədri Cavid Qurbanov, “Rusiya Dəmir Yolları” ASC-nin Prezidenti Oleq Belozyorov və İİR Dəmir Yolunun Baş direktoru Mohsen Purseyid Ağayi və Finlyandiya Dövlət Dəmir Yolu konserninin rəhbəri Mikael Aro arasında görüş keçirilib. Danışıqlar zamanı “Azərbaycan Dəmir Yolu” QSC-nin sədri Cavid Qurbanovun təklifi ilə, nəqliyyat dəhlizinin inkişafının sürətləndirilməsi üçün, TransXəzər Beynəlxalq Nəqliyyat Marşrutunda olduğu kimi, Simal-Cənub marşrutunda da Koordinasiya Komitəsinin yaradılmasına dair qərar qəbul olunub. Ola bilər gələcəkdə "Şimal-Cənub" marşrutu üzrə də vahid rəqabət qabiliyyətli tarifin tətbiqi gündəmə gəlsin. Elə həmin görüşdə Finlyandiyanın da “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinə cəlb olunması məsələsi müzakirə edilib. Finlyandiya təmsilçisi ölkəsinin bu nəqliyyat dəhlizinə maraq göstərdiyini bildirib. Finlyandiyanın dəhlizə qoşulması nəqliyyat dəhlizinin potensialını daha da gücləndircək.

- Rəşt-Astara sahəsinin tikintisi üçün Azərbaycanın İrana kredit verməsi üzrə hansı iş aparılır? Sizin üçün maliyyələşdirmənin hansı variantları daha üstündür?

- Rəşt-Astara dəmir yolu layihəsi Azərbaycan və İran şirkətlərinin birgə əməkdaşlığı ilə tikiləcək və layihəyə hər iki ölkə birgə sərmayə yatıracaq. Bu əməkdaşlığa dair sənədin Bakı görüşü zamanı müzakirə olunması gözlənilir. Həmin görüş yeni bir mərhələnin başlanğıcı olacaq. Son olaraq qeyd etmək lazımdır ki, “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin tikintisinin reallaşdırılması ölkələrimiz arasında əlaqələrin daha da genişləndirilməsində mühüm rol oynayacaq. Bu məqsədlə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 7 dekabr 2015-ci ildə “Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin Azərbaycan Respublikasının ərazisindən keçən hissəsində işlərin sürətləndirilməsi haqqında” Sərəncam imzalayıb. Həmin Sərəncama uyğun olaraq, 20 aprel 2016-cı ildə Azərbaycan Respublikası ilə İran İslam Respublikasının dövlət sərhədində, Astara çayı üzərində 82,5 metr uzunluğunda dəmir yolu körpüsünün təməli qoyulub, Astara stansiyasından İran İslam Respublikası dövlət sərhəddinə qədər birxətli 8,3 km uzunluğunda yeni dəmir yolu xəttinin tikintisinə start verilib. Astara stansiyasından İran İslam Respublikası dövlət sərhəddinə qədər birxətli 8,3 km uzunluğunda dəmir yolu xəttin torpaq yatağının işlənməsi davam edir. Dəmir yolu xəttinin çəkildiyi ərazıyə düşən rabitə, elektrik və qaz xətlərinin köçürülməsi başa çatmaq üzrədir. Bütövlükdə bu ərazıdə köçürülməli olan 315 obyekt (yaşayış və qeyri-yaşayış sahəsi) var. Bunun da 10-u yaşayış evidir. Artıq 97 yaxın obyektin, o cümlədən 7 evin köçürülməsi başa çatıb. Digərlərinin sənədləşməsi aparılır.
Qeyd edək ki, "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizi haqqında Razılaşma Rusiya Federasiyası, İran İslam Respublikası və Hindistan arasında 12 sentyabr 2000-ci ildə Sankt-Peterburq şəhərində bağlanıb. Bu dövlətlərdə daxili prosedurlardan keçdikdən sonra Razılaşma 21 may 2002-ci il tarixdən qüvvəyə minib. 2005-ci ilin sentyabr ayında Azərbaycan Respublikasının Qanunu ilə ölkəmiz "Şimal-Cənub Beynəlxalq nəqliyyat dəhlizi haqqında" Saziş"ə qoşulub.


Tehsil-press.az

Oxşar xəbərlər