Transxəzər Beynəlxalq Nəqliyyat Konsorsiumu yaradılıb

Transxəzər Beynəlxalq Nəqliyyat Konsorsiumu yaradılıb Bakıda Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun operator şirkətlərinin yığıncağı keçirilmişdir.

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətindən Tehsil-press.az-a verilən məlumata görə, Tədbirdə Transxəzər Beynəlxalq Nəqliyyat Konsorsiumunun yaradılması haqqında müqavilə imzalanmışdır. Azərbaycandan "ADY Express" MMC və "ACSC Logistics" MMC, Qazaxıstandan "KTZ Express" AC, Gürcüstandan "Trans Qafqasus Terminals" MMC Konsorsiuma üzv kimi daxil olmuşlar.
Yığıncağda Transxəzər Beynəlxalq Nəqliyyat Konsorsiumunun idarəetmə strukturu, Müşahidə Şurasının yaradılması və Şuraya sədr seçilməsi məsələləri də müzakirə olunmuşdur. Aparılan danışıqlar nəticəsində Transxəzər Beynəlxalq Nəqliyyat Konsorsiumunun Müşahidə Şurasının yaradılması haqda qərar qəbul olunmuşdur. Müşahidə Şurasına, konsorsiuma daxil olan hər üzv şirkətindən bir nümayəndə daxil olmuşdur.
Müşahidə Şurası formalaşandan sonra, şuraya sədr seçilmişdir. Bu vəzifəyə "Azərbaycan Dəmir Yolları" QSC-nin sədr müavini İqbal Hüseynov seçilmişdir. Yığıncağın sonunda tərəflər arasında protokol imzalanmışdır. Eyni zamanı qərara alınmışdır ki, marşrut üzrə yük qatarlarının hərəkət cədvəli may ayında müəyyən ediləcək.
Qeyd edək ki, Transxəzər Beynəlxalq Nəqliyyat Marşurutu ilə hərəkət edən "Nomad Ekspress" blok qatarı orta hesabla 10-12 günə Çindən Avropaya yükləri çatdırır. Bu da nəqliyyat dəhlizinin əsas üstünlüklərindən biridir. Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi yekunlaşdıqdan sonra Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun yükötürmə qabiliyyəti artacaq və çatdırılma vaxtı qısalacaq.

tehsil-press.az

Oxşar xəbərlər