Prezident İlham Əliyev: Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında Rusiyanın rolunu xüsusi qiymətləndirir

Prezident İlham Əliyev: Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında Rusiyanın rolunu xüsusi qiymətləndirir Avqustun 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin görüşü olub.

Dövlət başçıları görüşdə çıxış ediblər.
Prezident İlham Əliyev bildirib: "Sizi yenidən Azərbaycanda salamlamağa şadam. Vladimir Vladimiroviç, son üç ildə bu, Sizin Azərbaycana üçüncü səfərinizdir. Bu, özlüyündə ölkələrimiz arasında münasibətlərin yüksək səviyyəsinin göstəricisidir. Mən də tez-tez Rusiyada oluram. Bu yaxınlarda, iyun ayında Peterburqda görüşmüşdük. Tez-tez baş tutan görüşlər, əlbəttə, bizim münasibətlərimizin inkişafına yeni təkan verir. Artıq çoxdan strateji tərəfdaşlıq səviyyəsinə çatmış bu münasibətlər bizim həyatımızın demək olar ki, bütün sahələrini əhatə edir. Biz beynəlxalq məkanlarda fəal qarşılıqlı əlaqə saxlayırıq, siyasi dialoq fəallaşır, iqtisadi əlaqələr möhkəmlənir, nəqliyyat və energetika sahələrində də yaxşı nəticələr var, humanitar əməkdaşlıq inkişaf edir. Sentyabr ayında Bakıda Rusiya və Azərbaycan prezidentlərinin himayəsi altında növbəti Beynəlxalq Humanitar Forum keçiriləcək. Bütün bunlar bizim münasibətlərimizin inkişafı üçün möhkəm zəmin yaradır".
Dövlət başçısı sonra qeyd edib: "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi məsələsində Rusiyanın rolunu xüsusi vurğulamaq istərdim. Biz bu rolu qiymətləndiririk və tənzimləmə prosesinin irəliləməsində Sizin şəxsi iştirakınız çox böyük əhəmiyyət kəsb edir. İyun ayında Sankt-Peterburqda keçirilən görüş əsasən bu problemə həsr edilmişdi və şəxsən Sizin həmin prosesdə fəal iştirakınıza görə təşəkkür edirəm. Bu gün həm də İran, Rusiya və Azərbaycan liderlərinin ilk üçtərəfli görüşü keçiriləcək. Çox ümidverici olan bu yeni format ikitərəfli əməkdaşlıq çərçivəsində yaxşı potensiala malikdir və bu gün qarşılıqlı regional fəaliyyətin mühüm məsələləri müzakirə ediləcək. Fikrimcə, bu, həm ölkələrimizin iqtisadi inkişafına, həm də bizim regionda təhlükəsizlik sisteminin möhkəmlənməsinə şərait yaradacaq. Sizi bir daha səmimi qəlbdən salamlayıram, xoş gəlmisiniz".
Rusiya Prezidenti Vladimir Putin bildirib: “Siz Qarabağı xatırlatdınız, bu, həqiqətən hələ sovet dövründən bizlərə qalmış problemdir. Bilirik ki, bu, Azərbaycan və Ermənistan üçün nə qədər vacib məsələdir. Biz çalışacağıq ki, Ermənistan və Azərbaycan elə həll variantı tapsın ki, kompromisli və hər iki tərəf üçün qəbul edilən olsun, hər iki ölkənin xalqları qalib olsun və hər iki dövlət bu mürəkkəb məsələni bu günki və gələcək nəsillərin maraqları çərçivəsində həll etdiklərini hiss etsinlər”.


Prezident İlham Əliyev: Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında Rusiyanın rolunu xüsusi qiymətləndirir

Prezident İlham Əliyev: Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında Rusiyanın rolunu xüsusi qiymətləndirir

Oxşar xəbərlər