ANS-in şikayətinə Bakı İnzibati-iqtisad Məhkəməsində baxılacaq

ANS-in şikayətinə Bakı İnzibati-iqtisad Məhkəməsində baxılacaq Bu gün Bakı Apelyasiya Məhkəməsində hakim Elşanə Vəliyevanın sədrliyi ilə “ANS” Müstəqil Yayım və Media Şirkətinin Milli Televiziya və Radio Şurasının (MTRŞ) “İnzibati aktın etibarsız hesab edilməsi” (yayımın müvəqqəti dayandırılması barədə 18 iyul 2016-cı il tarixli qərar) ilə bağlı verdiyi şikayətinə baxılıb.

Prosesdə şikayət üzrə ilkin məhkəmə baxışı keçirilib və ANS-in MTRŞ-yə qarşı şikayəti elan olunub. Şikayətdə ANS yayımın dayandırılmasını qanunsuz hesab edib və buna görə MTRŞ-dən dəymiş ziyana görə 1 milyon manat təzminat tələb edib.
Prosesdə çıxış edən MTRŞ-nin vəkili Toğrul Məmmədov şikayətə baxılmasına etiraz edib. O bildirib ki, inzibati orqan tərəfindən müraciət edildiyindən şikayətə Bakı İnzibati İqtisad Məhkəməsində baxılmalıdır.
Məhkəmə müşavirəyə gedib. Müşavirədən sonra qərar elan olunub. Qərara əsasən, şikayətə 1 saylı Bakı İnzibati-iqtisad Məhkəməsində baxılması məqsədəuyğun sayılıb.
Qeyd edək ki, Milli Televiziya və Radio Şurası (MTRŞ) Türkiyə ilə Azərbaycan arasında strateji tərəfdaşlıq münasibətlərinin pozulmasına yönəlmiş təxribatın qarşısını almaq, açıq şəkildə terrorizmin təbliğatına yol verməmək məqsədilə, Azərbaycan Respublikası Baş Prokurorluğunun 18 iyul 2016-cı il tarixli müraciətini, “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununun 11, 23, 32-ci maddələrinin tələblərini rəhbər tutaraq “ANS Müstəqil Yayım və Media” Şirkətinin yayımının 18 iyul 2016-cı il tarixdən saat 18:30-dan etibarən 1 ay müddətinə dayandırılması barədə qərar qəbul edib. Eyni zamanda, MTRŞ 25 oktyabr 2013-cü il tarixli TR 099 saylı xüsusi razılığın (lisenziyanın) qüvvəsinə xitam verilməsi barədə məhkəmədə iddia qaldırıb. Bakı Apellyasiya Məhkəməsində isə ANS-in lisenziyasına xitam verilməsi ilə bağlı qərar qəbul olunub.


Tehsil-press.az

Oxşar xəbərlər