ABŞ-ın nəhəng peyk texnologiyaları şirkəti "Planet Labs" hökumətin birbaşa tələbi ilə İran və Yaxın Şərqdəki digər münaqişə zonalarına dair yeni peyk görüntülərinin dərcinə qeyri-müəyyən müddətə qadağa qoyub.Bu qərar 2026-cı ilin aprel ayında — müharibənin ən kritik mərhələsində əməliyyat təhlükəsizliyini təmin etmək məqsədilə qəbul edilib.
Əvvəllər "Planet Labs" görüntüləri 14 günlük gecikmə ilə təqdim edirdisə, artıq müharibə başa çatana qədər İrandakı hərbi obyektlər, vurulan bazalar və qoşun yerdəyişmələri barədə təzə kadrlar ictimaiyyətə açıqlanmayacaq.
Ağ Ev və Pentaqon hesab edir ki, yüksək keyfiyyətli peyk görüntüləri İranın kəşfiyyat orqanlarına (SEPAH) ABŞ və İsrailin zərbələrinin nəticələrini qiymətləndirməyə və növbəti hücumları planlaşdırmağa kömək edə bilər.
Bu qərar xüsusilə son günlərdə "Tasnim" agentliyinin "F-16 vurulub" yalanını peyk qalıqları ilə ifşa edən müstəqil OSINT (açıq mənbə kəşfiyyatı) analitiklərinin işini tamamilə iflic edəcək. Artıq Tehranın yaydığı vizual dezinformasiyaları müstəqil şəkildə yoxlamaq qeyri-mümkün olacaq.
Qadağa yalnız İranı deyil, həm də İraqın bəzi hissələrini, Livanı və son günlərdə hücuma məruz qalan Küveytin neft obyektlərini də əhatə edir.
Ekspertlər bunu kosmik texnologiyalar dövründə tətbiq edilən ən sərt hərbi senzura nümunəsi kimi qiymətləndirirlər. Şirkət rəhbərliyi bildirib ki, qərar "müttəfiq qüvvələrin təhlükəsizliyini qorumaq üçün zəruridir".
Qeyd olunur ki, peyk görüntülərinin bloklanması həm də ABŞ-ın İrana qarşı hazırladığı genişmiqyaslı "aprel əməliyyatı"nın (quru qoşunlarının sızması və s.) hazırlıqlarını gizlətmək məqsədi daşıyır. Bu addım eyni zamanda İranda edam edilən siyasi məhbusların kütləvi basdırıldığı yerlərin və dağıdılan mülki infrastrukturun beynəlxalq ictimaiyyətdən gizlədilməsi riskini də yaradır.
Tehsil-press.az







