Azərbaycan Dillər Universitetində Bundestaqın təqaüd proqramının təqdimatı oldu

Azərbaycan Dillər Universitetində Bundestaqın təqaüd proqramının təqdimatı oldu Almaniya parlamentinin nümayəndə heyəti Azərbaycan Dillər Universitetində (ADU) oldu.
Alman Bundestaqının Beynəlxalq Parlament təqaüdü proqramı (İPS) üçün Azərbaycandan olan namizədləri seçmək məqsədilə 04 – 05 oktyabr tarixlərində Bakıda səfərdə olan nümayəndə heyəti tələbələrlə görüşdü.
Nümayəndə heyətinə başçılıq edən Bundestaqın üzvü Aleksandr Ulrix Bundestaqın Beynəlxalq Parlament təqaüd proqramı (İPS) haqqında ətraflı məlumatları özündə əks etdirən təqdimatla çıxış etdi. Bir çox ölkədə olduğu kimi, Azərbaycanda da İPS məzunlarının şəbəkələşmək məqsədilə birlik təsis etdiklərini vurğulayan A.Ulrix səfər çərçivəsində Bakıda siyasət, iqtisadiyyat və təhsil sahələrindən olan nümayəndələrlə, o cümlədən mövcud əlaqələri və şəbəkəni inkişaf etdirmək üçün İPS proqramının məzunları ilə görüşlər keçiriləcəyini diqqətə çatdırdı.
Tədbirdə 2014-cü ildə İPS proqramının məzunu olmuş azərbaycanlı tələbə proqram barədə təəssüratlarını bölüşdü və Almaniya Bundestaqında gördüyü işlərdən danışdı.
Qyed edək ki, İPS proqramı çərçivəsində dünyanın 41 ölkəsindən 120 təqaüdçü 1 mart-31 iyul 2017-ci il tarixinədək Alman Bundestaqı tərəfindən tam maliyyələşdirilən təqaüd çərçivəsində Almaniyanın parlamentar sistemi ilə tanış olmaq imkanı əldə edirlər. Proqramın məqsədi siyasətin aparılması və demokratik qərarların verilməsi proseslərinin yaxından şahidi olmaqdır. Təqaüdçülər alman parlamentinin bir deputatının yanında işləyirlər və eyni zamanda Berlin universitetlərinin birində tələbə olaraq qeydiyyata alınırlar. Taqaüdçülər, həmçinin parlamentdəki fəaliyyətlərində əlavə olaraq universitetin mühazirə və seminarlarında da iştirak edə bilirlər. Bu proqram Alman Bundestaqının prezidentinin xüsusi himayəsi və üç Berlin universiteti ilə əməkdaşlıq çərçivəsində həyata keçirilir. Bütün səfər, yaşayış və sığorta xərcləri habelə aylıq təqaüd Alman Bundestaqı tərəfindən ödənilir. Hər il dekabr ayından etibarən İPS proqramında iştirak etmək üçün müraciət ərizələri Bakıdakı alman səfirliyinə təqdim olunur. Proqram haqqında daha geniş məlumat http://www.bundestag.de/ips internet səhifəsində yerləşdirilib.

ADU-nun Mətbuat Xidməti

Oxşar xəbərlər