Elm və Təhsil Nazirliyinin Donna Deyl Karneginin “Yeniyetmə qızlar: Dostları necə qazanmalı və insanlara necə təsir etməli” kitabını məktəb kitabxanalarında qadağan etməsi ciddi narazılıq yaradıb. “Qanun” nəşriyyatının direktoru Şahbaz Xuduoğlu bu qərarı gender baxımından ədalətsiz adlandırır və kitab seçimi, Dövlət vəsaitinin xərclənməsi, eləcə də nəşriyyatların seçim meyarları ilə bağlı Nazirlikdən şəffaf açıqlama tələb edir. O bildirir ki, prosesin qapalı aparılması həm kitab siyasətində, həm də gender yanaşmasında suallar doğurur.Əgər eyni məzmunlu bir kitab “yeniyetmə oğlanlar üçün” olsaydı, sizcə qərar eyni olardımı? yoxsa, bu fərq gender bərabərliyi baxımından nəyi üzə çıxarır?
Mövzu ilə bağlı qələm adamları açıqlama verib:
Bu kitabı mən tərcümə etmişəm. Mən o kitabı təkcə qızlara aid etmirəm. Hər kəs dost qazanmaq üçün kitabdakı üsullardan istifadə edə bilərlər. Təklif edirəm ki, o kitabı övladlarınıza oxuyasınız. Misal üçün kitabda qeyd olunur ki, dostunuz sizin ad gününüzə qızılgül alır. Siz isə qızılgülü xoşlamırsınız. Ad günündə, başqa adamların yanında bəyənmədiyiniz hədiyyəni dostun üzünə çırpmayın. Dostunuzu qucaqlayıb deyin ki, “necə gözəldir, mən qızılgülü xoşlamırdım, sən bu gülü mənə almısan deyə, bundan sonra xoşlayacağam”. Kitab, qızların oğlanların ümumi tərbiyəsi ilə bağlıdır. Şəxsən mən bu kitabı oğlanlara da aid edirəm. Bilmirəm, niyə nazirlik kitabı qadağan edib. Hətta, 25-30 yaşında qızlar, oğlanlar da bu kitabı oxuyub nəticə çıxara bilər. Kitab ümumiyyətlə, insanlar üçündür. Mən həmin kitabı öz övladlarıma, qohumlarıma da hədiyyə etmişəm.
Bu sualla bağlı deyəcəyim bir söz yoxdur, onu bilirəm ki Təhsil Nazirliyində bu işlər şəffaf aparılmır, tanışlıq, tapşırmaq və başqa bilinməyən səbəblər nəşriyyatlardan kitab alımlarında ciddi rol oynayır. Təhsil Nazirliyinə göndərdiyim 100 adda siyahıdan heç birini də almayıblar, başdansovdu bir cavab yazıblar. Buna görə də bu cür dövlət qurumlarında obyektivliyin olduğuna inanmıram.
Azərbaycanda qızların davranış və münasibətlər mövzusunda maariflənməsi hələ də stereotiplərin təsiri altında qiymətləndirilir. Ona görə də eyni məzmunlu bir kitab oğlanlar üçün olsaydı, çox güman, qadağa olunmazdı. Bu onu göstərir ki, cəmiyyət qızların üzərində daha artıq nəzarətə meyllidir. Halbuki düzgün ünsiyyət və özünüifadə həm qızlar, həm də oğlanlar üçün eyni dərəcədə vacibdir. Əgər Təhsil Nazirliyi belə bir kitabı qadağan edirsə, deməli, qadınların sosial inkişafına yanaşmada hələ də köhnə stereotiplər qalır.
Kitabı oxumamışam, ona görə bir söz deyə bilmərəm. Bu gün Qərbdə cinsi oriyentasiyanı aşındırmaq üçün ciddi təbliğat gedir. Bundan ötrü filmlərə, kitablara, musiqi kliplərinə ciddi pullar ayrılır. Bu cür məzmunların təbliği gender bərabərliyi, qadın azadlığı və s. başlıqlar altında aparılır. Dediyiniz kitabın məzmunundan xəbərsiz olduğum üçün konkret bir söz deyə bilmərəm.
Mən D. Karneginin “Dostu necə qazanmalı” kitabını oxumuşam. O kitab mənim və oğlumun stolüstü kitabımızdı.
Amma mən Karneginin sırf qızlar üçün belə kitab yazdığını bilmirəm, o kitaba heç rast gəlməmişəm.
Onun içində yazılanlardan heç xəbərim yoxdu.
Ona görə də bu barədə nəsə deyə bilmərəm.
Düşünürəm ki, Karnegi o kitabı öz ölkəsinin qızları üçün yazıb, elə buna görə də bizim Təhsil Nazirliyi kitabın yayımını məqbul görmür.
Bizim məktəbli qızlarımız üçün öz alimlərimiz daha mükəmməl bir kitab yaza bilərlər.
Mən də eyni düşünürəm ki, qərar ədalətsizdi. Ən azından müasir və gələcək nəsillər gender mövzuları barədə daha maarifli olmalıdır. Üstəlik, prosesin qapalı olması da özündə bir sual yaradır.
Nazirlik kitabxanalar üçün kitabları hansı kriteriyalarla seçir, mənə də maraqlıdır, amma bunun gender məsələsi ilə əlaqəli olduğunu düşünmürəm.
Açığı, həmin kitabı oxumamışam, amma kitabın adı, fikrimcə yetəri qədər informasiya ötürür: Dost qazanmaq, insanlara təsir etmək pis şey deyil ki.
Kitabın adı isə aydındır ki, məzmunla nə qədər bağlı olsa da, sırf diqqətə, reklama hesablanmış addır ki, bu kateqoriyadan olan kitablar üçün bu normaldır.
Şahbaz bəyin qaldırdığı problemdə daha ciddi nüanslar var. Məsələni gender tərəfə çəkib bəsitləşdirməyə dəyməyəcək qədər.
Bu hadisəyə ancaq təəssüf etmək olar. Birincisi qadınlara qarşı olduğu açıq görünür. İkincisi isə artıq kitabları qadağan edəcəyimiz dövr deyil. Çünki dünya əlçatandır. Bu kitabların PDF versiyaları, Amazon-da olan nümunələri var. Bir yeniyetmə əgər hansısa kitabın qadağan olduğunu bilsə, əksinə, daha çox onda maraq oyadıb kitabı oxumağına təşviq edəcək. Şahbaz bəy demiş, bu kitab satışına mane olmağa bənzəyir. Qanun nəşriyyatında çap olunubsa, birbaşa bu nəşriyyata təsir var burada. SSRİ vaxtı “1984” romanı qadağan edilmişdi. SSRİ qapalı bir ölkə idi. Heç kim gedib o kitabı tapa bilməzdi. Ancaq “samizdat” nəşrlər olsa, tapmaq olardı. İndi qadağa effektiv deyil. Əgər düşünürlərsə, bunu qadağan etməklə hər hansı bir müsbət nəticə əldə edəcəklər, yanılırlar. Təhsil Nazirliyi bu cür qadağalardansa, əksinə daha azad bir mühit yaratmalıdır. Azad mühit olsa elm də, ədəbiyyat da inkişaf edər. Və uşaqlar daha çox elmlə, ədəbiyyatla maraqlana bilərlər. Nazirliyin işi qadağan etmək yox, kitabı təşviq etməlidir. Valideynləri belə, kitab almağa sövq etməlidir. Nazirlik özləri kitab alıb hədiyyə etməlidir. Biz nazirlikdən bu cür, effektiv yollara əl atmağını gözləyirik.
Məncə, eyni məzmunlu kitab “yeniyetmə oğlanlar üçün” olsaydı, qərarın bu qədər sərt və qəfil verilməsi çox ehtimal ki, eyni olmazdı. Burada məsələ bir kitabla bitmir. Cəmiyyət olaraq qız uşaqlarına yönəlmiş məsləhət, psixoloji dəstək, sosial bacarıqlar kimi mövzulara daha həssas, bəzən də stereotipik reaksiyalar veririk. Təəssüf ki, qızların davranışının “tənzimlənməsi” daha çox nəzarət altına alınır. Oğlanlarda isə vəziyyət eyni deyil. Ta əzəldən subyekt oğlan olanda ictimai baxış daha yumşaq, daha “normal” qəbul edilir.
Buradakı əsas problem gender bərabərliyinin mahiyyətində duran sualdır: niyə qız uşaqları üçün olan bir kitab daha tez hədəfə çevrilir? Nazirliyin qərarında da məhz bu qeyri-bərabər yanaşma hiss olunur. Şəffaflıq tələb olunması da boşuna deyil. Çünki kitabın məzmunundan çox, ona münasibətdəki ikili standart narazılıq yaradır.
Məncə, yeniyetmə oğlanlar üçün olsaydı, qadağan olunmazdı. Bu qərar sadəcə təəssüf doğurur. Təhsil Nazirliyi digər sahələrdə ortaya çıxan bu cür geriçi düşüncəyə qarşı çıxmaq əvəzinə, özü belə bir addım atır. Əminəm, bu qərarı verənlər adı gedən dövlət orqanında işləsələr də təhsil sahəsinin adamları deyillər. Çünki iki-üç normal kitab oxuyan, beş-altı film-tamaşaya baxan heç bir modern insan belə düşünə bilməz.
Təhsil Nazirliyinin niyə belə qərar verməsinin səbəbini bilmirik. Açıqlama verilsəydi, bu qədər narazılığa, müzakirələrə səbəb olmazdı. Bəlkə də, əllərində hansısa tutarlı arqumentləri var, amma bu, ictimaiyyətə açıqlanmalıdır. Ola bilər, məsul şəxslərdən kimsə kitabda bizim mentalitetə zidd hansısa məqam görüb, məsuliyyətdən qaçmağın ən asan yolunu tapıb: kitabın tədrisinə icazə verməmək.
Karneginin kitabları dünyanın bir çox dillərinə tərcümə edilib və məktəblərdə tədris olunur. Zərərli kitab olsaydı, bu qədər geniş yayılmazdı. İstənilən halda, şəffaflıq təmin edilməlidir.
Karneginin kitabları humanizm prinsplərinə əsaslanır, inanmıram ki, orada qızların tərbiyəsinə, xarakterinə mənfi təsir edən amillər olsun. İnanıram ki, tezliklə Təhsil Nazirliyi məsələyə aydınlıq gətirəcək.
Məncə, bütün özünü inkişaf kitabları qadağan edilməlidir. Bu, müasir dövrün yeni dinidir və insan ruhuyla heç üst-üstə düşmür. Hələ məktəblərdə heç olmamalıdır. Çünki belə kitabları kimin ağlına nə gəlirsə, onu yazır və ona hökm verir. Ona görə nə oğlanı, nə qızı, fərqi olmamalıdır. Uzun müddət belə kitablar oxuyub, redaktə edən biri kimi deyil, doğrudan təhlükəlidir.
Hazırladı: Dəniz Pənahova
Tehsil-press.az














