Təhsil Nazirliyində press brifinq

Təhsil Nazirliyində press brifinq Oktyabrın 6-da Təhsil Nazirliyində press brifinq keçirilib.
Press brifinqdə qeyd olunub ki, bu tədris ilində ilk peşə-ixtisas təhsili müəssisələrinə qəbul pilot olaraq “ASAN peşə” layihəsi üzrə Bakı və Gəncə şəhərlərində həyata keçirilib. Təhsil Nazirliyi ilə “ASAN xidmət” arasında reallaşdırılan layihə çərçivəsində 4286 nəfər ilk peşə-ixtisas təhsili müəssisələrinə qəbul olunub. Qəbul olunanlardan 733 nəfərinin əsas fənlər üzrə ümumi müvəffəqiyyət göstəricisi “4”-dən yuxarı olub.
Yeni tədris ilindən ölkənin bütün rayon və şəhərlərinin ümumi təhsil məktəblərində 5 yaşlı uşaqların dövlət hesabına məktəbəhazırlıq təhsilinə başlanılıb. 2016-2017-ci tədris ili üçün respublika üzrə məktəbəhazırlıq qruplarına cəlb olunan uşaqların sayı 76 min nəfərdən artıqdır.
Press brifinqdə icbari ümumi orta təhsildən yayınma hallarının son illərdə əhəmiyyətli dərəcədə azalması və bununla  bağlı təhlil media nümayəndələrinin diqqətinə çatdırılıb.
Daha sonra müəllimlərin işə qəbulu üzrə yekun statistika açıqlanıb. Bildirilib ki, mərkəzləşdirilmiş qaydada keçirilən müəllimlərin işə qəbulu üzrə müsabiqənin nəticəsinə əsasən ümumilikdə 2365 nəfər müəllim adını qazanıb. Onlardan 1800 nəfəri kənd məktəblərində həvəsləndirmə yerləri tətbiq olunan vakant yerləri seçib.
Tədbirdə,həmçinin transfer.edu.az portalına müraciət edən tələbələr barədə məlumat verilib. Cari ildə təhsilalanların ölkə daxilində və xaricdə yerləşən ali təhsil müəssisələrindən köçürülməsi, yaxud bir ixtisasdan digərinə dəyişdirilməsi elektron qaydada həyata keçirilib. Bu, tələbə köçürülməsində şəffaflığın, rahatlığın və sadələşmiş prosedurun yaradılmasına xidmət edir. Ümumi müraciət edənlərin sayı  241 nəfər olub ki, onlardan 83 nəfərə müsbət cavab verilib. Cari ildə orta-ixtisas təhsili müəssisələri tələbələrinin də bu portal vasitəsilə köçürülməsi nəzərdə tutulub.
Sonda media nümayəndələrini maraqlandıran çoxsaylı suallar cavablandırılıb.

Tehsil-press.az

Oxşar xəbərlər