Gələn il Azərbaycana daha çox hansı ölkələrdən turist gələcək?

Gələn il Azərbaycana daha çox hansı ölkələrdən turist gələcək? 2017-ci ildə Azərbaycana əsasən, Rusiya, İran, ərəb ölkələri, xüsusilə də İraqdan çox sayda turistin gələcəyi gözlənilir.

Bunu Tehsil-press.az Azərbaycan Turizm Assosiasiyasının sədrinin müşaviri Müzəffər Ağakərimov deyib.
Onun sözlərinə görə, son illərdə Azərbaycana Rusiya və İrandan, bu il isə ərəb ölkələrindən gələn turistlərin sayı artıb: "Ümumilikdə bu il qış mövsümündə Azərbaycanda daha çox turistin istirahət edəcəyi gözlənilir. Bu turistlər həm ölkə vətəndaşları, həm də xaricilər olacaq. Hətta İndoneziyadan da Azərbaycana turistlər gəlir. Bu ölkənin turistləri Azərbaycanda dincəlməyə böyük maraq göstərirlər".
M.Ağakərimov qeyd edib ki, yerli turistlərlə yanaşı, xarici turistlər də qışda, xüsusilə Yeni il günlərində istirahətlərini Şamaxı, İsmayıllı, Şəki-Oğuz, Qəbələ, Quba, Qusarda keçirməyə maraq göstərirlər, həmin dövr üçün hotellər də bronlaşdırırlar: "Artıq xarici turistlər də qış turizmini Azərbaycanın regionlarında keçirməyə üstünlük verirlər. Çünki oradakı şərait, infrastruktur yüksək səviyyədədir".
Gəlmə turizminin hazırda turizm sektorunda ən gəlirli sahələrdən biri olduğunu deyən M.Ağakərimov bildirib ki, 1990-cı ildən 2000-ci illərin ortalarına qədər Azərbaycanda şirkətlər əsasən, xaricə turist göndərməklə məşğul olduğu halda, hazırda 50-dən çox şirkət ölkəyə turist gətirir. Onun sözlərinə görə, Azərbaycanda manatın devalvasiyası, Avropa ölkələrində və Yaxın Şərqdə baş verən proseslər xarici turistlərin sayının artmasına imkan verib.

Tehsil-press.az

Oxşar xəbərlər