Azərbaycan Prezidenti İlham Əliyev ABŞ Ticarət Nazirliyinin nümayəndələrini qəbul edib

Azərbaycan Prezidenti İlham Əliyev ABŞ Ticarət Nazirliyinin nümayəndələrini qəbul edib Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 1-də ABŞ-ın ticarət nazirinin Avropa, Orta Şərq və Afrika üzrə müşavirinin müavini Maykl Lallinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Tehsil-press.az xəbər verir ki, görüşdə iştirak edən ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Robert Sekuta ölkələrimiz arasında iqtisadi əlaqələrə toxunaraq enerji sahəsində uğurlu əməkdaşlıq həyata keçirildiyini vurğuladı. Səfir bu gün Bakıda keçirilən ilk Azərbaycan-ABŞ biznes forumunun əhəmiyyətini qeyd edərək bu tədbirin ölkələrimiz arasında biznes əlaqələrinin qurulması üçün yaxşı imkanlar yaratdığını dedi. O, bu forumda əsas məqsədlərdən birinin Azərbaycanın üzləşdiyi çağırışların həlli yollarının müzakirəsindən ibarət olduğunu bildirdi. Səfir dünyada neftin qiymətinin kəskin dəyişməsinin də iqtisadi vəziyyətə təsir etdiyini vurğuladı. Azərbaycanın dövlət müstəqilliyinin bərpasından 25 il keçdiyini vurğulayan səfir bu illərdə Azərbaycanın ABŞ üçün güclü tərəfdaş ölkə olduğunu bildirdi və ölkəsinin Azərbaycanda baş verən bütün müsbət dəyişiklikləri yüksək qiymətləndirdiyini dedi.
Ölkələrimiz arasında iqtisadi əlaqələrə toxunan Prezident İlham Əliyev energetika sahəsində əməkdaşlığın uğurla inkişaf etdiyini, mühüm enerji layihələrinin sürətlə həyata keçirildiyini qeyd edərək hazırkı şəraitdə əsas diqqətin qeyri-neft sahəsində də əməkdaşlığa yönəldilməsinin önəmini vurğuladı və ABŞ ilə ölkəmizin qeyri-neft sektorunda daha fəal əməkdaşlığının həyata keçirilməsinin əhəmiyyətini qeyd etdi. Dövlətimizin başçısı ABŞ-ın Azərbaycanın qeyri-neft sektoruna daha çox investisiya qoymasında ölkəmizin maraqlı olduğunu dedi və daha çox praktiki nəticələrin əldə edilməsinin vacibliyini bildirdi. Bu baxımdan Prezident İlham Əliyev ABŞ-ın orta və kiçik sahibkarlıqla məşğul olan şirkətlərinin Azərbaycanı daha çox tanımaları ilə bağlı təqdimatların keçirilməsinin önəmini qeyd etdi.
ABŞ ticarət nazirinin Avropa, Orta Şərq və Afrika üzrə müşavirinin müavini Maykl Lalli ABŞ-ın Azərbaycandakı səfirliyində çalışdığı illəri məmnunluqla xatırladı. Maykl Lalli ABŞ-ın ticarət naziri Penni Pritzkerin salamlarını dövlətimizin başçısına çatdıraraq onun Azərbaycan-ABŞ biznes əlaqələrinə Prezident İlham Əliyevin verdiyi dəstəyi yüksək qiymətləndirdiyini dedi. O, həmçinin Penni Pritzkerlə Prezident İlham Əliyev arasında görüşün çox konstruktiv şəkildə keçdiyini vurğuladı.

Tehsil-press.az

Oxşar xəbərlər