"Azər Həsrət emosiyalarına diqqət etməlidir" - Rəşad Məciddən qalmaqallı məsələyə REAKSİYA

Əməkdar jurnalist, Mətbuat Şurasının üzvü Azər Həsrətin “YouTube” platformasında yayımlanan “Bax da” kanalındakı çıxışı zamanı rus bölməsində təhsil alanlarla bağlı səsləndirdiyi fikirlər sosial şəbəkə platformalarında birmənalı qarşılanmayıb.

Azər Həsrət çıxışında bildirib ki, Bakıda fəaliyyət göstərən gecə barlarına gedən qızların əksəriyyəti rus dilində danışırlar:

"Bu rusdillilər var ha, mənim üstümə necə töküldülər. Məni linç etdilər, amma bir şey məni sevindirdi ki, həmin fikrimi dəstəkləyən yüzminlərlə adam ortaya çıxdı. Rus sektorunda dərs deyən bir müəllimə mənə yazmışdı ki, siz tamamimlə doğru deyirsiniz, hətta az deyirsiniz".

Məsələ ilə bağlı Mətbuat Şurasının sədri Rəşad Məcid verdiyi açıqlamada Azər Həsrətin fikirlərinin cəmiyyətdə yanlış anlaşılmalara yol açdığını bildirib:

Rəşad Məcid qeyd edib ki, Azər Həsrət həm Mətbuat Şurasında fəaliyyəti, həm də Azərbaycan jurnalistikasının beynəlxalq müstəvidə tanınması baxımından mühüm xidmətlər göstərmiş bir şəxsdir:

"Azər Həsrət gənclik illərindən bəri emosional çıxışları ilə seçilib və bu xüsusiyyət zaman-zaman müəyyən gərginliklərə səbəb olub. Bir vaxtlar demişdim ki, zaman Azərə öz müdrik təsirini göstərəcək. Düşünürdüm ki, o, hadisələrə daha soyuqqanlı və rasional yanaşacaq. Lakin son açıqlamasında insanların hisslərinə toxunan, cəmiyyətdə narahatlıq yaradan məqamlar yer alıb. Bu yanaşma ilə razılaşmaq mümkün deyil”.

Rəşad Məcid vurğulayıb ki, insanların bara getməsi onların hansı dildə danışması və ya harada təhsil alması ilə əlaqələndirilə bilməz:

“Barlara gedən insanların dil seçimini mənəviyyatla və ya milli dəyərlərlə birbaşa bağlamaq doğru deyil. Bu, cəmiyyətdə yanlış təsəvvür formalaşdırır. Mətbuat Şurasının İdarə Heyətinin sədri kimi istərdim ki, Azər Həsrət bu kimi həssas mövzularda daha diqqətli, daha müdrik və emosiyalardan uzaq mövqe sərgiləsin”.

Tehsil-press.az

Oxşar xəbərlər