Nazir: Azərbaycan Qətiyyətli Dəstək Missiyasına əhəmiyyətli töhfə vermək işinə sadiq qalır

Nazir: Azərbaycan Qətiyyətli Dəstək Missiyasına əhəmiyyətli töhfə vermək işinə sadiq qalır Azərbaycan Qətiyyətli Dəstək Missiyasına əhəmiyyətli töhfə vermək işinə sadiq qalır.

Tehsil-press.az məlumatına görə, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Brüsseldə NATO Qətiyyətli Dəstək Missiyasına töhfə verən ölkələrin xarici işlər nazirlərinin iclasında çıxışı zamanı deyib.
Nazir qeyd edib ki, Azərbaycan NATO-nun etibarlı tərəfdaşı və qardaş Əfqanıstan xalqının dostu kimi 2016-cı ildə sülhməramlı hərbi birləşmə, çoxşaxəli nəqliyyat, təlim və maliyyə yardımını təmin etməklə Qətiyyətli Dəstək Missiyasına öz əhəmiyyətli töhfəsini verməyə davam etmək işinə sadiq qalmaqdadır: "Azərbaycan bir neçə dəfə Əfqanıstan Milli Ordusunun Etimad Fonduna əhəmiyyətli miqdarda ianə edib. Götürdüyümüz öhdəliklərə uyğun olaraq, bu fonda maliyyə dəstəyini davam etdirəcəyik. Bundan əlavə, Qətiyyətli Dəstək Missiyası başa çatdıqdan sonra gücləndirilmiş Davamlı Tərəfdaşlıq vasitəsi ilə töhfə verməyi nəzərdə tuturuq".
E.Məmmədyarov bildirib ki, eyni zamanda Azərbaycan ikitərəfli əməkdaşlıq, habelə müvafiq çoxtərəfli və regional formatlar vasitəsilə Əfqanıstanla uzunmüddətli siyasi tərəfdaşlıq və praktik əməkdaşlığa sadiqdir: "Bu ilin sentyabr ayında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin fərmanı ilə əsasən təhlükəsizlik sahəsində Əfqanıstana yardımı nəzərdə tutan ikitərəfli saziş təsdiq edilmiş və hazırda fəal şəkildə həyata keçirilməkdədir. Bundan başqa, Qətiyyətli Dəstək Missiyasının arzuedilən nəticələrinə uyğun olaraq ikitərəfli əməkdaşlıq çərçivəsində əfqan müdavimlərinə Azərbaycan Respublikasının hərbi təhsil müəssisələrində təlim keçməyə hazırıq".
Nazir əlavə edib ki, bir neçə gün öncə Azərbaycan Asiyanın Ürəyi – İstanbul Prosesinin 2017-ci il üzrə həmsədrliyini öz üzərinə götürüb: "Bu işdə biz bütün maraqlı tərəflər, xüsusən NATO ilə beynəlxalq ictimaiyyətin Əfqanıstana hərtərəfli və ardıcıl dəstəyinin asanlaşdırılması məqsədilə sıx koordinasiya və məsləhətləşmə şəraitində çalışacağıq. Biz regional və qlobal iqtisadiyyata inteqrasiya istiqamətində Əfqanıstanın islahatlar kursunu dəstəkləyirik. Yeni İpək Yolunun mühüm tərkib hissəsi olan Azərbaycan Əfqanıstanın davamlı gələcəyini dəstəkləmək məqsədilə bu ölkə və Avropanı birləşdirəcək. Əfqanıstan və ondan kənarda davamlı sülh və inkişafı təmin etməyə kömək edən Bakı-Tbilisi-Qars dəmir yolu və Azərbaycandakı yeni Ələt dəniz limanı Asiyanı Avropaya daha da bağlayacaqdır".

Tehsil-press.az

Oxşar xəbərlər