Bronxial astmalı uşaqlar gələcəkdə piylənmə riski daşıyırlar

Bronxial astmalı uşaqlar gələcəkdə piylənmə riski daşıyırlar Dünya Səhiyyə təşkilatının hesablamalarına görə, xroniki bronxial astmadan dünyada 235 milyon insan, o cümlədən uşaqlar əziyyət çəkir. Mütəxəssislər bu xəstəlikdən əziyyət çəkən uşaqlarda patoloji hal olaraq piylənmənin müşahidə olunduğunu bildirirlər. Piylənmənin astma riskini 52 faiz artırmasına baxmayaraq, bu, xəstəliklərin əlaqəsi hələ də tam öyrənilməyib.
Tehsil-press.az xəbər verir ki, yaş artdıqca piylənmə riskinin artıb-azaldığını öyrənmək məqsədilə Cənubi Kaliforniya Universitetinin mütəxəssisləri beş-yeddi yaşlı, 13,5 faizi astma xəstəsi olan 2171 uşaq arasında tədqiqatlar aparıblar. Araşdırmaların əvvəlində azyaşlıların heç birində artıq çəki qeydə alınmasa da, on yaşına çatanda artıq onların 15,9 faizində piylənmə müşahidə olunmağa başlayıb. Statistik təhlillərə görə bu xəstəlikdən əziyyət çəkən məktəblilərin piylənmə riski digərlərinə nisbətən 51 faiz daha yüksəkdir. Müqayisə üçün 9,7–17,8 yaşlı 2684 məktəbli arasında aparılan tədqiqatların nəticələrində də bu öz təsdiqini tapıb.
Qeyd etmək lazımdır ki, mütəxəssislər fiziki aktivlik, sosial-iqtisadi vəziyyət kimi bir sıra göstəricilərin bununla heç bir əlaqəsinin olmadığını bildiriblər. Bundan əlavə simptomatik terapiyadan istifadə edən uşaqlarda piylənmə riskinin digərlərinə nisbətən daha az olduğu da vurğulanıb.
Nəticə olaraq alimlər uşaq yaşda astmanın uzunmüddətli piylənmə riski daşıyıcısı ola biləcəyi qənaətindədirlər.

Tehsil-press.az

Oxşar xəbərlər