ALİ TƏHSİL OCAĞINDA XOCALI FACİƏSİNƏ HƏSR OLUNMUŞ KONFRANS KEÇİRİLMİŞDİR

ALİ TƏHSİL OCAĞINDA XOCALI FACİƏSİNƏ HƏSR OLUNMUŞ KONFRANS KEÇİRİLMİŞDİR "Naxçıvan" Universitetində Xocalı faciəsinin 25-ci ildönümünə həsr olunmuş "Bəşəriyyətin ağır faciəsi Xocalı soyqırımı" mövzusunda elmi-praktik konfrans keçirilib. Tədbir iştirakçıları ilk əvvəl universitetin əsas korpusunun foyesində təşkil edilən "Xocalı fəryadı" adlı sərgiyə baxmışlar.
Konfransı giriş sözü ilə universitetin rektoru, professor İsmayıl Əliyev açaraq Xocalı faciəsinin törədilməsindən və bu faciəyə hüquqi-siyasi qiymət verilməsindən danışmışdır. Bildilirilmişdir ki, Xocalı soyqırımı Azərbaycan tarixinin ən dəhşətli və faciəli səhifələrindən biri kimi daxil olmuşdur. O dəhşətli gecədə Xocalı şəhəri yerlə-yeksan olmuş, dinc əhaliyə vəhşicəsinə divan tutulmuşdur.
Konfransda ümumi tarix kafedrasının müəllimi, tarix üzrə fəlsəfə doktoru, dosent Elçin Zamanovun "Xocalı faciəsi insanlığa qarşı cinayətdir", ümumi tarix kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru Mehman Şabanovun "Xocalı soyqırımının beynəlxalq aləmdə tanıdılması" və ümumi tarix kafedrasının müəllimi Vaqif Hüseynovun "Xocalı soyqrımı: ikili standartlar və 100 ilin erməni yalanları" mövzularında çıxışları dinlənilmişdir.Diqqətə çatdırılmışdır ki, o gecə faciəyə məruz qalan Xocalının bütün əhalisi qəhrəmanlıq nümunəsi göstərdilər.Onların bəzisi düşmənə inadlı müqavimət göstərərək,bəziləri hər cür məşəqqətlərə dözərək,sağ qalmaq üçün mübarizə apararaq, bəziləri isə şəhid olaraq qəhrəmanlıq zirvəsinə ucaldılar. O da vurğulanmışdır ki, ümummilli lider Heydər Əliyevin 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra Xocalı soyqırımına siyasi-hüquqi qiymət verilmişdir. Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Milli Məclis "Xocalı soyqırımı günü haqqında" xüsusi qərar qəbul etmiş,sənəddə hadisənin baş vermə səbəbləri təfsilatı ilə açıqlanmışdır. Eyni zamanda Xocalı faciəsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, erməni qəsbkarlarının beynəlxalq müstəvidə ifşası mühüm vəzifə kimi qarşıya qoyulmuşdur.
Konfrans iştirakçılarının diqqətinə o da çatdırıldı ki, artıq Xocalı qətliamının 25-ci ildönümü ərəfəsindəyik. 25 illik sızıltısı,iniltisi dinməyən bir yaradır Xocalı yarası. Hər açdıqca qanayan, hər toxunduqca göynəyən bir dağdır Xocalı. Bu ərəfədə hər birimiz bir Xocalıya çevrilirik. Hər birimiz həmin qanlı gecənin vəhşətini yaşayırıq.
Sonda tələbələr Xocalıya həsr olunmuş şeirləri bədii qiraət etmiş və tədbir iştirakçıları “Xoca” filminə baxmışlar.

Oxşar xəbərlər