Xocalı faciəsinin qurbanları AzMİU-da anılıb

Xocalı faciəsinin qurbanları AzMİU-da anılıb Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) Bakı Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Xocalı faciəsinin 25-ci ildönümünə həsr olunmuş tədbir keçirilib. Tədbir başlamazdan əvvəl Xocalı faciəsi qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycanın dövlət himni səslənib.
AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova erməni silahlı dəstələri tərəfindən xalqımıza qarşı törədilən bu cinayətin ağır nəticələrindən danışıb, dinc əhalinin xüsusi qəddarlıqla qətlə yetirilməsi, əsir götürülən insanların isə dəhşətli işgəncələrə, zülm və təhqirlərə məruz qaldıqlarını bildirib. O, Xocalı faciəsinin başvermə səbəblərini açıqlayaraq bildirib ki, həmin dönəmdə Azərbaycana rəhbərlik edən hakimiyyətin laqeydliyi ucbatından xocalıların başına bu faciə gətirilib. Həmin gecə erməni cəlladları və onların havadarlarının Xocalıda törətdikləri qırğınları 20-ci əsrin ən qanlı faciələrindən biri kimi tarixə düşdüyünü deyən rektor xüsusi vurğulayıb ki, Xocalı soyqırımı 200 ildən artıq müddətdə erməni millətçiləri tərəfindən xalqımıza qarşı aparılan etnik təmizləmə və soyqırımı siyasətinin davamıdır. Ümummilli lider Heydər Əliyev hakimiyyətə gəldikdən sonra Azərbaycan hökuməti və parlamentinin Xocalı soyqırımı haqqında həqiqətlərin dünya dövlətlərinə, parlamentlərinə və beynəlxalq təşkilatlara çatdırıldığını yada salan rektor eyni siyasətin Prezident İlham Əliyev, Heydər Əliyev Fondu tərəfindən həyata keçirildiyini qeyd edib.
Tədbirdə çıxış edən professor Həvva Məmmədova bu həyəcanlı və ağrılı tarixin millətimiz üçün böyük insan tələfatı və vandalizm olduğunu diqqətə çatdırıb. O, faciənin 25-ci ildönümündə soyqırımın dünya səviyyəsində tanınması və təbliğ edilməsi, düzgün qiymətləndirilməsi istiqamətində dövlətimizin kifayət qədər işlər gördüyünü, amma ikili standartlar səbəbindən haqq səsimizi bəyan etməkdə bəzi çətinliklərlə üzləşdiyimizi vurğulayıb. Tarixçi Heydər Əliyev Fondunun apardığı “Xocalıya ədalət” kampaniyasının uğurlu fəaliyyəti nəticəsində artıq bir sıra dünya dövlətlərinin Xocalıda törədilən qırğını soyqırımı kimi qəbul etdiyini sözlərinə əlavə edib.
Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatının Kino Xidməti İdarəsinin rəisi Gültəkin Nəriman qeyd edib ki, qanlı hadisələr zamanı şəhidlik zirvəsinə ucalanların xatirəsini yaşatmaq, onları gənc nəslə örnək göstərmək hər kəsin vətəndaşlıq borcudur.
Tədbirin sonunda G.Nərimanın müəllifi olduğu “92-ci ilin qarı” adlı sənədli film nümayiş olunub.

Xocalı faciəsinin qurbanları AzMİU-da anılıb
Xocalı faciəsinin qurbanları AzMİU-da anılıb
Xocalı faciəsinin qurbanları AzMİU-da anılıb
Xocalı faciəsinin qurbanları AzMİU-da anılıb

AzMİU-nun Mətbuat Xidməti

Oxşar xəbərlər