ADU-da “Həmkarlar İttifaqının gənc qadınlar ilə işinin təhlil olunması” mövzusunda dəyirmi masa keçirilib

ADU-da “Həmkarlar İttifaqının gənc qadınlar ilə işinin təhlil olunması” mövzusunda dəyirmi masa keçirilib Fevralın 28-də Azərbaycan Dillər Universitetində (ADU) universitetin Həmkarlar İttifaqı Komitəsi və Azərbaycan Həmkarlar İttifaqı Komitəsinin Gender bərabərliyi və qadın problemləri üzrə mərkəzinin birgə təşkilatçılığı ilə “Həmkarlar İttifaqının gənc qadınlar ilə işinin təhlil olunması” mövzusunda dəyirmi masa keçirilib.
ADU-nun Həmkarlar İttifaqı Komitəsinin sədri, dosent Misgər Məmmədov ölkəmizdə gender bərabərliyinin təmin edilməsi haqqında məlumat verib. Gender bərabərliyinin təmin edilməsi ilə bağlı dövlət siyasətinin əsas istiqamətləri haqqında danışan M.Məmmədov bu bərabərliyin təbliği ilə bağlı məsələlərdən bəhs edib.
AHİK-in Gender bərabərliyi və qadın problemləri üzrə mərkəzinin sədri Cəmilə Səttarova mərkəzin yaranması və fəaliyyəti haqqında məlumat verib. Mərkəzin üzvlərinin əksəriyyətinin qadınlardan ibarət olduğunu söyləyən C.Səttarova iştirakçıları onların ümumi statistik göstəriciləri ilə tanış edib. C.Səttarova mərkəzin cəmiyyətin psixoloji və sosial problemlərinin həllinə yönəlmiş tədbirlər və layihələr həyata keçirdiyini qeyd edib. Qadınların iş və ailədaxili münasibətlərin tənzimlənməsi istiqamətində maarifləndirildiyini bildirən C.Səttarova işəgötürənin vəzifələri haqqında danışıb.
Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı (ATİAHİ) Respublika Komitəsinin sədr müavini Mirzə Cəfərzadə gender bərabərliyinin tənzimlənməsində tələbələrlə iş haqqında məlumat verib. M.Cəfərzadə çıxışında qadınların rəhbər vəzifələrdəki rolundan da söz açıb.
ADU-nun Regionşünaslıq kafedrasının dosenti Kifayət Ağayeva, İkinci xarici dil kafedrasının dosenti Şəmsinur Aslanova, İngilis dilinin qrammatikası kafedrasının müəllimi Aydan Məlikzadə ADU-da gender bərabərliyinin tənzimlənməsi ilə bağlı atılan addımlardan, statistik nəticələrdən bəhs edərək ali təhsil ocağında rəhbər vəzifələrdə gənc qadınların fəaliyyətindən danışıblar. Tədbirdə, həmçinin ADU-da aparılan gənclər siyasəti, onların sosial hüquqlarının qorunması, gender problemlərinin tədrisi, gender məsələlərinin müzakirə olunduğu dəyirmi masalar, açıq dərslərin həyata keçirilməsi haqqında danışılıb, Həmkarlar İttifaqı Komitəsinin gənclərlə iş üzrə fəaliyyəti və onların asudə vaxtlarının səmərəli təşkili məsələlərinə toxunulub.
Tədbirdə təkliflər və tövsiyələr dinlənilib, mövzu ilə bağlı problemlərin həlli yollarının araşdırılması istiqamətində fikir mübadiləsi aparılıb.

ADU-nun Mətbuat Xidməti


ADU-da “Həmkarlar İttifaqının gənc qadınlar ilə işinin təhlil olunması” mövzusunda dəyirmi masa keçirilibADU-da “Həmkarlar İttifaqının gənc qadınlar ilə işinin təhlil olunması” mövzusunda dəyirmi masa keçirilibADU-da “Həmkarlar İttifaqının gənc qadınlar ilə işinin təhlil olunması” mövzusunda dəyirmi masa keçirilib

Oxşar xəbərlər