NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİNDƏ GƏNCLƏR GÜNÜNƏ HƏSR OLUNMUŞ DƏYİRMİ MASA

NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİNDƏ GƏNCLƏR GÜNÜNƏ HƏSR OLUNMUŞ DƏYİRMİ MASA Naxçıvan Dövlət Universitetində 2 fevral-Gənclər gününə həsr olunmuş “Azərbaycanda gənclər hərəkatının müasir vəziyyəti” mövzusunda dəyirmi masa keçirilib.
Tələbələri bayram münasibətilə təbrik edən rektor, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov ümummilli lider Heydər Əliyevin Azərbaycan gəncliyinin hərtərəfli inkişafı istiqamətində gördüyü işlərdən söz açıb və bildirib ki, hakimiyyətə ikinci dəfə qayıtdıqdan sonra Heydər Əliyevin çoxşaxəli fəaliyyətinin əsas istiqamətlərindən biri də gənc nəslə diqqət və qayğının artırılması, yeniyetmə və gənclərlə bağlı dövlət siyasətinin əsas prinsiplərinin müəyyənləşdirilməsi, respublikamızın sosial-iqtisadi, ictimai-siyasi həyatında gənclərin fəal iştirakının təmin olunması, gənclərin sosial-mənəvi ehtiyaclarının ödənilməsi, onların gələcəyin layiqli vətəndaşları kimi formalaşması üçün münbit şəraitin yaradılması olub. Bu məqsədlə ulu öndər Heydər Əliyevin fərmanı ilə 1994-cü il iyulun 26-da Gənclər, İdman və Turizm Nazirliyi yaradılıb. 1995-ci ildə isə o, Azərbaycan gənclərinin forumunun keçirilməsi təşəbbüsünü irəli sürüb. 2 fevral 1996-cı il tarixdə müstəqil Azərbaycan gənclərinin ilk forumu keçirilib. 1 Fevral 1997-ci il tarixdə forumun ildönümü münasibəti ilə gənclərin bir qrupunu qəbul edən Heydər Əliyev "2 fevral - Azərbaycan gənclər gününün elan edilməsi haqqında" Sərəncam imzalayıb. Həmin vaxtdan etibarən ənənəvi olaraq hər il 2 fevral Azərbaycanda Gənclər günü kimi təntənəli şəkildə qeyd olunur.
Daha sonra Arxiv işi və muzeyşünaslıq kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru Məmməd Əliyevin və İncəsənət fakültəsinin dekanı, dosent Günay Məmmədovanın mövzu ilə bağlı çıxışları dinlənilib. Burada vurğulanıb ki, hər bir Azərbaycan gənci ilk əvvəl öz tarixini, mədəniyyətini, adət-ənənələrini dərindən bilərək, hörmətlə yanaşaraq və onları yaşadaraq ölkəsinə layiqli vətəndaş, peşəkar mütəxəssis və gözəl insan kimi formalaşmağı qarşısına məqsəd qoymalıdır.
Diskussiya şəklində davam edən tədbirdə müasir Azərbaycan gəncliyinin aktual problemləri və onların həlli yolları, milli dəyərlərin və vətənpərvərlik hisslərinin aşılanması və qorunması, mənəvi-əxlaqi keyfiyyətlərin artırılması kimi məsələlər geniş müzakirə olunub.

NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİNDƏ GƏNCLƏR GÜNÜNƏ HƏSR OLUNMUŞ DƏYİRMİ MASA

Oxşar xəbərlər