Azərbaycan Kooperasiya Universitetində "Azərbaycan tarixinin şanlı Aprel zəfəri" adlı tədbir keçirilib

Azərbaycan Kooperasiya Universitetində 4 aprel 2017-ci il tarixində Azərbaycan Kooperasiya Universitetində universitet rəhbərliyinin və Tələbə Gənclər Təşkilatının birgə təşkilatçılığı ilə "Azərbaycan tarixinin şanlı Aprel zəfəri" adlı tədbir keçirildi. Tədbir müstəqil Azərbaycanın dövlət himnin səsləndirilməsi ilə başladı. Himndən sonra Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı Cənab İlham Əliyevin Aprel döyüşləri və Azərbaycan ordusunun nailiyyətləri barəsində səsləndirdiyi nitqi nümayiş olundu. Tədbirdə giriş sözü ilə çıxış edən universitetin Tədris işləri üzrə prorekoru Fikrət Quliyev Azərbaycan ordusunun ötən ilin aprel ayında göstərdiyi şücaətdən danışaraq qəhrəmancasına şəhid olmuş hərbiçilərimizin və ümumilikdə Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəman vətən övladlarının xatirəsinin yad olunması üçün bir dəqiqəlik sükut elan etdi. F. Quliyev bildirdi ki, Azərbaycan əsgərinin şücaəti, şanlı zəfəri sayəsində tarix yazan dördgünlük aprel döyüşlərindən bir il ötür. Xalqımız bu tarixi qürurla anır, qəhrəman oğullarımızı fərəhlə yad edir. Çünki bu qələbə bizləri Qarabağa səsləyən növbəti qələbələrin müjdəçisidir. Əbəs yerə deyil ki, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev aprel döyüşlərinə xüsusi önəm verərək, onu şanlı tariximiz adlandırdı. Xüsusilə erməni işğalçıları tərəfindən işğal olunmuş torpaqlarımızın 2000 hektar ərazisi Azərbaycan Ordusu tərəfindən azad edildikdən sonra ölkə başçısının cəbhəyanı bölgələrə səfər etməsi və əsgərlərimizlə, zabitlərimizlə görüşməsi, orada yaşayan əhalinin yaşayış şəraiti ilə yaxından tanış olması bir daha xalqımızın mənfur düşmən üzərində əldə edəcəyi növbəti qələbələrə inamını artırdı. Bu baxımdan, dövlətimizin başçısının aprel döyüşlərinin bizim şanlı qələbəmiz olduğunu vurğulaması bu qələbələrin davamlı olacağına, bir qarış torpağımızın belə düşməndə qalmayacağına dair verdiyi mesaj kimi qiymətləndirilməlidir.
Sonra universitetin Tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektoru İlham Hüseynov Aprel zəfərinin siyasi mahiyyətindən danışaraq bildirdi ki, Artıq erməni ictimaiyyəti yaxşı dərk edir ki, Qarabağ torpaqları onlara məxsus deyil. Ermənistanın bir çox tanınmış ictimai-siyasi xadimləri, siyasi şərhçiləri bu torpaqların Azərbaycana məxsus olduğunu söyləməklə yanaşı, Sarkisyan rejiminin işğalçılıq siyasətini pisləyən bəyanatlar səsləndirir, işğalçı ordunun Azərbaycan torpaqlarından çıxmasını tələb edirlər. Ona görə ki, aprel döyüşləri ilk növbədə Ermənistan dövlətini, cəmiyyətini sarsıtdı, onlara ağır zərbə vurdu. Digər tərəfdən, cinayətkar, qaniçən Sarkisyan rejiminin girovuna çevrilmiş erməni xalqı aprel döyüşlərindən sonra öz taleyi haqqında daha çox düşünməyə başladı. Məhz bu səbəbdən, bu gün bir çox erməni ailələri öz övladlarını Qarabağ cəbhəsinə hərbi xidmətə göndərməyə etiraz edir, onları hansısa harın rejimin siyasətinə qurban verməyəcəklərini deyirlər. Onu da qeyd etmək yerinə düşər ki, aprel döyüşləri uzun illərdir ki, Ermənistanda yalandan formalaşdırılmış “məğlubedilməz ordu” mifini heçə döndərdi. Düz, dörd günün içində işğalçılar xaricdəki havadarlarının ayaqlarına düşdülər ki, Azərbaycan Silahlı Qüvvələrinin zəfər yürüşünün qarşısı alınsın.
Digər çıxışçılar universitetin Ekspertiza və əmtəəşunaslıq kafedrasının müdiri, professor Vilayət Əliyev, Tələbə Gənclər Təşkilatının sədri Tamerlan Əkbərov da qeyd etdilər ki, 2016-cı il şanlı aprel döyüşlərində Azərbaycanın bu qələbəsi xalqımız xoş müjdə olmaqla bərabər, ölkə vətəndaşlarında dövlətimizə, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrimizin Ali Baş Komandanı Cənab İlham Əliyevə və qüdrətli ordumuza inamı, etibarı daha da gücləndirib. Bu, həmçinin işğal altındakı digər torpaqlarımızın da azad edilməsi istiqamətində atılan mühüm bir addımdır. Tam əminliklə deyirik ki, Azərbaycan Prezidenti Cənab İlham Əliyevin həyata keçirdiyi tədbirlər nəticəsində Ermənistanın işğalçılıq siyasətinə son qoyulacağı, bütün məcburi köçkünlərin doğma torpağa qayıdacağı gün çox da uzaqda deyil!

AKU-nun Mətbuat Xidməti


Azərbaycan Kooperasiya Universitetində "Azərbaycan tarixinin şanlı Aprel zəfəri" adlı tədbir keçirilib
Azərbaycan Kooperasiya Universitetində "Azərbaycan tarixinin şanlı Aprel zəfəri" adlı tədbir keçirilib
Azərbaycan Kooperasiya Universitetində "Azərbaycan tarixinin şanlı Aprel zəfəri" adlı tədbir keçirilib

Oxşar xəbərlər