Qanunsuz ov etmənin CƏRİMƏSİ artırıldı - 20 dəfə

Qanunsuz ov etmənin CƏRİMƏSİ artırıldı - 20 dəfə Azərbaycanda qanunsuz ov etməyə görə cərimələr 20 dəfə artırılıb. Trend-in məlumatına görə, bu, Cinayət Məcəlləsinə 258-ci maddəsinə edilən dəyişiklikdə öz əksini tapıb.
Məcəlləyə edilən dəyişikliyə əsasən, lazımi icazə olmadan və ya qadağan edilmiş yerlərdə, yaxud qadağan edilmiş vaxtda, qadağan edilmiş alət və üsullarla ov etmə xeyli miqdarda ziyan vurduqda cərimənin məbləği 2000 manatdan 3000 manata qədər məbləğdə müəyyən edilib. Bundan əvvəl isə eyni əmələ görə cərimə 100 manatdan 500 manatadək təşkil edirdi.
Eyni əməllər külli miqdarda ziyan vurulmaqla, partlayıcı maddələrdən və ya quşların və heyvanların kütləvi məhvinə səbəb olan başqa üsullardan istifadə etməklə, ovlanması tamamilə qadağan edilmiş quşlara və heyvanlara qarşı, qoruqların ərazisində və ya ekoloji fəlakət və fövqəladə ekoloji vəziyyət zonasında törədildikdə isə cərimənin məbləği 3 min manatdan 6 min manata qədər (əvvəl – 100 manatdan 1000 manatadək) məbləğdə müəyyən edilib.

Təhsil-press.az

Oxşar xəbərlər