Bioarxeologiyanın insan qalıqlarının arxeoloji kontekstdə öyrənilməsi ilə məşğul olan multidissiplinar elm sahəsi kimi xarakterizə olunduğunu deyən Vüsal Həsənov bu istiqamətin əsasən antropologiya, arxeologiya və biologiya elmlərinin kəsişməsində formalaşaraq qədim cəmiyyətlərin həyat tərzi, sağlamlıq vəziyyəti və demoqrafik xüsusiyyətləri haqqında ətraflı məlumatların əldə olunmasına imkan yaratdığını deyib. Bildirib ki, tədqiqatlar zamanı skelet qalıqları, diş strukturları və digər bioloji izlər analiz edilərək fərdlərin yaş həddi, cinsiyyəti, xəstəlikləri və qidalanma xüsusiyyətləri müəyyənləşdirilir. Bu araşdırmalar qədim populyasiyaların sosial strukturu, miqrasiya prosesləri və ətraf mühitə uyğunlaşma mexanizmlərinin öyrənilməsində mühüm rol oynayır. Xüsusi və müasir metodların tətbiqi nəticəsində fərdlərin coğrafi mənşəyi və genetik əlaqələri haqqında daha dəqiq nəticələr əldə edilir. Bununla yanaşı, sümük toxumalarında müşahidə olunan patoloji dəyişikliklər vasitəsilə qədim dövrlərdə yayılmış xəstəliklər və həyat şəraiti barədə elmi əsaslar formalaşdırılır.
Vüsal Həsənov Azərbaycan ərazisində ibtidai icma quruluşundan başlayaraq erkən tarixi mərhələlərə qədər dəfn adətlərindən söz açaraq qeyd edib ki, Paleolit və Mezolit dövrlərində əsasən sadə torpaq qəbirlər və təbii sığınacaqlarda dəfn halları üstünlük təşkil edib. Neolit dövründə yaşayış məskənlərinin daxilində və ya yaxınlığında dəfn ənənəsi formalaşıb. Eneolit dövründə torpaq qəbirlərlə yanaşı, saxsı küplərdə dəfn və ilkin kurqan tipli qəbirlər meydana çıxıb. Tunc dövrü ərzində isə qəbir formalarının daha da mürəkkəbləşdiyi, kurqanlar, daş qutu qəbirlər, katakomba tipli qəbirlər və kollektiv dəfn abidələrinin geniş yayılması müşahidə edilib: “Arxeoloji və antropoloji tədqiqatlarda aşkar edilən müxtəlif cür qəbirlərdə bioarxeoloji araşdırmalarla dövrün aydın təsvirini yarada bilirik. Bu iş səbr, diqqət və məsuliyyət tələb edir”.
Bioarxeoloji tədqiqatların ölkəmizdə son dövrlər meydana gəldiyini və buna qədər əsasən klassik arxeologiya və antropologiya çərçivəsində işlərin aparıldığını deyən AMEA-nın laboratoriya müdiri DNT analizi, izotop analizi və paleopatoloji tədqiqat metodlarının tətbiqi ilə bağlı da iştirakçıları məlumatlandırıb.
Sonda tələbələrin sualları cavablandırılıb.
Tehsil-press.az












