Qorki parkının sabiq direktoru Bakıda Dənizkənarı bulvarın inkişafı konsepsiyası ilə məşğul olacaq

Qorki parkının sabiq direktoru Bakıda Dənizkənarı bulvarın inkişafı konsepsiyası ilə məşğul olacaq 2011-2015-ci illərdə Moskvadakı Qorki adına Mərkəzi Mədəniyyət və İstirahət Parkının (MMİP) direktoru olmuş Olqa Zaxarova yeni bir layihənin reallaşdırılması – Bakıdakı Dənizkənarı bulvarın inkişafı konsepsiyasının hazırlanması ilə məşğul olacaq.
O.Zaxarova MMİP-nin direktoru olduğu dövrdə həmin park hətta Kremli də geridə qoyaraq, turistlərin ən çox xoşladığı yerlərdən birinə çevrilmişdi. 2015-ci il sentyabr ayında Olqa Zaxarova parkın direktoru vəzifəsindən getməzdən əvvəl verdiyi müsahibədə bildirmişdir ki, o, parkın öz xərcini çıxaran müəssisəyə çevrilməsinə nail olub. 2011-ci ildə parkın mədaxili 135 milyon rubl olduğu halda 2014-cü ildə müvafiq göstərici 755 milyona çatıb.
O.Zaxarova deyib: “Bakıda işləmək mənim üçün ciddi çağırışdır. Bakının yeni əsas məkanının konsepsiyasının və təməl prinsiplərinin hazırlanması üzrə intensiv iş nəzərdə tutulur. Əsas vəzifə bu ölkənin ictimai məkanının standartını yaratmaq, lokal təşkilatların potensialını üzə çıxarmaq, yerli biznesi bu layihənin işlənib hazırlanmasında iştiraka və əməkdaşlığa ruhlandırmaqdır”.
Daha sonra o bildirib ki, uğurlu biznes modeli qurmaq, habelə şəhərin bütün sakinlərini bu layihəyə cəlb etmək üçün müxtəlif səviyyəli təsisatlarla səmərəli əlaqə kanalları yaratmaq lazım gələcək.

Təhsil-press.az

Oxşar xəbərlər