Azərbaycan və İran dəmir yolları arasında müqavilə imzalanıb

Azərbaycan və İran dəmir yolları arasında müqavilə imzalanıb İranın paytaxtı Tehranda “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov və İran Dəmir Yolunun baş direktoru Səid Məhəmmədzadə arasında ikitərəfli görüş keçirilib.
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) İctimaiyyətlə əlaqələr şöbəsindən Təhsil-press.az-a verilən məlumata görə, görüşdə "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizinin icra vəziyyəti müzakirə olunub.
Bildirilib ki, 20 aprel 2016-cı ildə Azərbaycanla İran İslam Respublikasının dövlət sərhədində, Astara çayı üzərində 82,5 metr uzunluğunda dəmir yolu körpüsünün təməlqoyma mərasimindən sonra işlər sürətləndirilib. Qısa zaman ərzində Astara stansiyasından İran İslam Respublikası dövlət sərhəddinə qədər birxətli 8,3 km dəmir yolunun çəkilişi və Astara çayı üzərindəki dəmir yolu körpüsünün tikintisi başa çatıb. Həmçinin, sınaq qatarı sərhədi yeni tikilmiş körpü vasitəsilə keçib.
Hazırda Astarada (İran) geniş işlər aparılır. Bu işlərin tərkibinə 35 hektar ərazidə dəmir yolu stansiyasının tikintisi və yüklərin boşaldılması üçün terminalların inşası da daxildir.
Sonra Azərbaycan və İran Dəmir Yolları arasında “Astara yükdoldurma və yükboşaltma terminalının tikinisi və istismarı” layihəsi üzrə müqavilə imzalanıb. Müqaviləni “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri C.Qurbanov və İran Dəmir Yolunun baş direktoru S.Məhəmmədzadə imzalayıblar.
Müqavilə İran ərazisində 1,4 km-lik dəmir yolu xəttinin və həmin ərazidə böyük aşırma qabiliyyətinə malik olan 4 terminalın tikintisinin “Azərbaycan Dəmir Yolları” QSC-nin dəstəyi ilə reallaşmasını özündə ehtiva edir. Müqaviləyə əsasən, “Azərbaycan Dəmir Yolları” QSC 15 illik müddətə 1,4 km-lik dəmir yolu xəttini, 25 illik müddətə isə terminalları icarəyə götürür.
Mərasimdə C.Qurbanov və S.Məhəmmədzadə çıxış edərək bildiriblər ki, bu layihə hər iki ölkə ərazisində dəmir yolu əlaqələrinin, həmçinin ölkələrin tranzit və iqtisadi potensialının gücləndirilməsinə xidmət edəcək. Eyni zamanda, yüklərin bu istiqamətə axınına təkan verəcək.

Azərbaycan və İran dəmir yolları arasında müqavilə imzalanıb

Təhsil-press.az

Oxşar xəbərlər