Millət vəkili: Müəllimlər də, məktəblər də dərsə getməyən uşaqlara görə susurlar

Millət vəkili: Müəllimlər də, məktəblər də dərsə getməyən uşaqlara görə susurlar Sovet dövründə kim dərsə getmirdisə, müəllimlər bir-bir evlərə gedib səbəbini soruşurdular. Bu məsələyə ciddi yanaşılırdı. Amma indi nədənsə müəllimlər də, məktəblər də bu hala görə susurlar. Bu hal hətta kütləvi xarakter daşıyır. Bakı kəndlərində “qız uşağı nədir, onun 8-9-cu sinifdən sonra təhsil alması nədir” fikri geniş yayılıb.
Bunu Milli Məclisin Elm və Təhsil Komitəsinin üzvü Gövhər Baxşəliyeva komitənin bu gün keçirilən iclasında çıxış edərkən deyib.
Onun sözlərinə görə, Bakı ətrafı kəndlərdə valideynlər 14-15 yaşında olan qızını məktəbdən çıxarıb nişanlayırlar: “Əvvəl qızı daha erkən yaşda ərə verirdilər, indi isə qanunvericilik sərtləşdirildiyindən qızı 2-3 il nişanlı saxlayıb toy edirlər. Ən ucqar kəndlərdə belə qızları oxudurlar, qızlar 11-ci sinfi bitirib ali məktəbə qəbul olur. Amma Bakı ətrafı kəndlərdə qızlara bu məsələdə qadağalar qoyulub. Bunun səbəbini soruşduqda isə cavab olaraq, “əgər biz qızı məktəbə göndərsək, kənd camaatı bizi qınayar” deyirlər. Biz bu streotipi ləğv etməliyik. Bununla heç cür razılaşmaq olmaz. Millətin anası savadlı olmalıdır".
Deputat qeyd edib ki, əgər biz gələcək üçün yüksək təhsilli nəsil haqqında danışırıqsa, ilk növbədə o nəslin anası təhsil almalıdır: "Bu gün qarşılaşdığımız problemlər, Nardarandakı problemlər də belə hadisələrlə bağlıdır. Təklif edərdim ki, biz o kəndlərin daxil olduğu rayonların icra başçıları, təhsil şöbələri, məktəb müəllimləri ilə danışaraq onlarla birgə tədbirlər keçirək. Bu istiqamətdə hər birimizin əməli şəkildə iş görməsinin tərəfdarıyam”.

Təhsil-press.az

Oxşar xəbərlər