ÖZƏL ALİ TƏHSİL MÜƏSSİSƏLƏRİNƏ QƏBUL NECƏ OLMALIDIR?

ÖZƏL ALİ TƏHSİL MÜƏSSİSƏLƏRİNƏ QƏBUL NECƏ OLMALIDIR? Azərbaycan siyasi və iqtisadi müstəqillik əldə etdikdən sonra kifayət qədər sərbəst fəaliyyət göstərən müxtəlif özəl sahələr yaranmağa başladı. Özəl sektorun inkişafını, demək olar ki, ölkə rəhbəri priaritet bir sahə kimi diqqət mərkəzində saxladı. Özəl mətbu orqanlar, elektron kütləvi informasiya vasitələri, televiziyalar, şirkətlər və s. yaradıldı. Bu, həm yeni iş yerlərinin açılması, həm də ölkənin inkişafı demək idi. Vergi ödəyicilərinin sayı artdı, əlavə gəlirlər axını başladı.
Başqa sahələr kimi təhsil sahəsi də inkişaf etməyə başladı, özəl ümumtəhsil müəssisələri, uşaq baxçaları, özəl ali məktəblər yaradıldı. Və bu sektor demək olar ki, təhsilimizdə qısa zaman kəsiyində sözünü dedi. Doğrudur, iş olan yerdə nöqsan da olar deyiblər. Bu sahədə neqativ hallar da oldu. Ancaq hər cür şəraitə, maddi texniki təchizata malik, dünya standartlarının tələblərinə cavab verən tam təminatlı təhsil ocaqlarımız bu gün göz önündədir. Ancaq dərd orasındadır ki, belə təhsil məktəblərimiz olsa da övladlarmız yenə də Gürcüstana, Türkiyəyə, Rusiyaya, Ukraynaya və s. üz tutmalı olurlar. Niyə? Bax bu suala cavab axtarmalıyıq... Niyə? Odur ki, mən bu niyə? sualına subyektiv də olsa öz fikrimi bildirmək istəyirəm. Birincisi, özəl təhsil müəssisəsinə qəbul sərbəst olmalıdır. Necə ki, adını çəkdiyimiz dövlətlərdə olduğu kimi, orta məktəb attestatı ilə. Necə olur ki, bu dövlətlərdə (hətta adı çəkilən bu ölkələrdə dövlət məktəblərinə) atestatla, imtahansız qəbul keçirilir, bizdə yox?
Bir halda ki, təhsil pulludur, bir halda ki, dörd il oxuyub qurtarandan sonra sənə təyinat verilmir, iş yerini özün tapırsan, niyə də olmasın? Valideyn övladına ali təhsil vermək istəyir, bunun nəyi pisdir ki? Nə üçün bu qadağalar təkcə bizdə olmalıdır? Niyə hər şeydə biz xarici ölkələrə üz tuturuq? Xarici ölkənin məktəblərinə təhsil haqqı ödəyirik, orada pul xərcləyirik və s. Təbii ki, yüksək bal toplayb müvəffəqiyyətlə ali məktəbə qəbul olan tələbələrimiz az deyil. Biz demirik ki, kim istəsə gəlsin ali təhsil alsın elə də deyil.
Təbii ki, bu barədə düşünməyə dəyər bunun mexanizmini işləyib hazırlamaq olar, təkliflər vermək olar.
Məsələn mən təklif edərdim ki, attestatla qəbul olan tələbələr üçün ödəniş haqqı o birilərindən yüksək olsun. Məsələn, müəyyən bal toplayıb ödənişli təhsilə düşən, belə desək, iki min manat ödəyirsə, attestatla qəbul olan üç min, üç min beş yüz manat ödəsin. Əlbəttə, bu, bir təklifdir. Yüksək bal toplayanlar isə bu gün olduğu kimi istədiyi ali məktəblərdə oxusunlar.
Əlbəttə, söhbət övladını əli diplomlu görmək istəyən valideyndən gedir. Həmin valideyn harada olursa-olsun övladına ali təhsil məktəbi tapacaq. Pis, ya da yaxşı. Elə bu özümüzdə olsa yaxşı olmazmı? Necə ki, başqa işlərimiz kimi. Əgər bir düşünsək, elə turistlər də ölkəmizdən qaçmaz, sərnişinlər aeroportdan uzaq düşməz. Necə olur ki, Tbilisidən İstanbula biletin qiyməti, məsələn, 70 manat olur, Bakıdan İstanbula 200 manatdan yuxarı. Necə olur ki, ölkəyə gələn turist Bakıda bir gecəlik mehmanxanada 200 manat ödəyir, Tbilisidə isə 50 manat, necə olur ki, bir ailə (deyək 4 nəfərlik ailə üzvü) bir şam yeməyinə Bakıda 300 manat verir, həmin yeməyə (belə desək həm dadlı, həm də keyfiyyətli) başqa ölkədə, Tbilisdə 70 manat ödəyir.
Bu qiymət cədvəlini kim tərtib edib görəsən? Nəyə görə ayağımızı yorğanımıza görə uzatmırıq. Yoxsa xəbərimiz yoxdur, vətəndaşlarımız küçədən pul süpürürlər, yoxsa onların maaşları, pensiyaları fantastikdir, biz bilmirik? Eləcə də şadlıq sarayları, xəstəxanalar, digər xidmət sahələri və s.
Mövzudan uzaqlaşmaq istəməzdim. Ölkəmizdə kifayət qədər elmi potensiala malik özəl ali təhsil ocaqlarımız var. Və burada yüksək elmi dərəcəli alimlərimiz, müəllimlərimiz çalışır. Övladlarımız niyə bu təhsildən məhrum olmalıdır? Bir halda ki, təhsil pulludur, pulunu ödəyib oxuyursa, niyə də oxumasın?
Biz xaricdə təhsil almaq istəyən övladlarımızn əlehinə də deyilik.
İstənilən ölkədə təhsil almaq hər kəsin hüququdur. Onların gedişinə qadağa qoymaq olmaz. Ancaq heç olmasa uzun illər fəaliyyət göstərən özəl təhsil ocaqlarımız müəyyən süni qadağalar hesabına tələbəsiz qalmasın.
Təbii ki, bu, mənim subyektiv fikirlərimdir. Çox istərdim ki, təhsil nazirliyi, tələbə qəbulu mərkəzi, ali təhsil rəhbərləri, təhsil ekspertlərimiz, valideynlər bir sözlə, ictimaiyyət, bu məsələyə öz münasibətlərini bildirsinlər, təklif və rəylərini söyləsinlər.

Əkbər Hüseynzadə

Oxşar xəbərlər