MTRŞ ənənəvi monitorinqi bu il ilk dəfə BDU ilə keçirib

MTRŞ ənənəvi monitorinqi bu il ilk dəfə BDU ilə keçirib Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi, “Elektron Mediaya Yardım Fondu”nun “Azərbaycan teleradio məkanında ədəbi dilin qorunması” layihəsi əsasında Milli Televiziya və Radio Şurası ənənəvi monitorinqini bu il ilk dəfə Bakı Dövlət Universitetinin Azərbaycan dilçiliyi kafedrasının mütəxəssisləri - filologiya üzrə fəlsəfə doktoru, baş müəllim Mehriban Əlizadə və baş müəllim Təranə İsmayılova ilə keçirib.
Layihə çərçivəsində 6 milli telekanalda - Space TV, Lider TV, ATV, İctimai TV, Xəzər TV və ARB TV-də yayımlanan verilişlərin dili monitorinqə cəlb edilib. Müvafiq telekanallarda ədəbi dil normalarına riayət edilməsi vəziyyəti araşdırılıb, qeydə alınmış 850 norma pozuntusunun təhlili və ümumiləşdirilməsi yolu ilə prosesin əsas istiqamətləri və xarakterik təzahür formaları müəyyənləşdirilib, nöqsanların qarşısını almaq məqsədilə konkret təkliflər irəli sürülüb. Monitorinqin nəticələri haqqında hesabat hazırlanıb və dərc edilib.
Milli Televiziya və Radio Şurası media işçiləri, televiziya kanallarının nümayəndələri və jurnalistlərin iştirakı ilə monitorinqin nəticələrinə həsr olunmuş mətbuat konfransı keçirib. Milli Televiziya və Radio Şurasının sədri, professor Nuşirəvan Məhərrəmli və BDU-nun Azərbaycan dilçiliyi kafedrasının baş müəllimi, filologiya üzrə fəlsəfə doktoru Mehriban Əlizadə çıxış edərək monitorinqin nəticələri ilə bağlı hesabat verib, ədəbi dil normalarının qorunmasının ana dilimiz qarşısında olan mənəvi məsuliyyətimiz olduğunu qeyd ediblər. Sonra jurnalistlərin və telekanalların nümayəndələrinin suallarına cavab verilib, müzakirələr aparılıb.

Mətbuat və informasiya şöbəsi


MTRŞ ənənəvi monitorinqi bu il ilk dəfə BDU ilə keçirib

Oxşar xəbərlər