ABŞ-dan müəmmalı QARABAĞ GEDİŞİ: İrəvanı təşvişə salan BÖYÜK TƏHLÜKƏ

ABŞ-dan müəmmalı QARABAĞ GEDİŞİ: İrəvanı təşvişə salan BÖYÜK TƏHLÜKƏ ABŞ Dövlət katibi Reks Tillerson Senatın xarici əlaqələr komitəsinin sədri Bob Korkerə məktub yazaraq, 30 xüsusi səfir vəzifəsinin ləğv edilməsini təklif etdi. Məktubda xüsusi diqqət çəkən məqam ABŞ həmsədrlik postunu ləğv etmək istəyidir. Bu isə Dağlıq Qarabağ münaqişəsinin nizama salınması prosesini aparan ATƏT-in Minsk qrupunda amerikalı həmsədrin olmaması deməkdir.
Tramp Administrasiyasının bu təşəbbüsü xərclərin optimallaşdırılması kimi dəyərləndirilir. Lakin ekspertlər bunun ABŞ-ın münaqişələrin, xüsusilə Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasında vasitəçilik missiyasına əhəmiyyətli dərəcədə təsir edəcəyini düşünür. Hesab edilir ki, ABŞ Minsk qrupunda Fransa və Rusiya missiyasına güzəştə gedir, bu isə Qarabağ münaqişəsinin Vaşinqton üçün prioritet olmadığını deməyə əsas verir.
ABŞ-ın “Beynəlxalq münasibətlər üzrə şura” analitik mərkəzinin saytında keçmiş amerikalı həmsədr Kerri Kavano və Pol Steyrasın birgə məqaləsində deyilir ki, Vaşinqtonun bu addımı Fransa və Rusiyaya açıq-aşkar güzəşt etmək deməkdir.
“Avqustun 28-də Minsk qrupundakı müvəqqəti səfir Riçard Xoqland vəzifəsindən getdi, onu ABŞ-ın BMT-dəki müvəqqəti işlər vəkili postunu tutan Endrü Şofer əvəz etdi. Lakin Reks Tillersonun Bob Kokerə məktubu bəzi mətləblərdən xəbər verir. Söhbət Dövlət Departamentinin yenidən qurulması çərçivəsində həmsədrlik postunun ixtisara düşməsindən gedir. Bu, ABŞ-ın Minsk qrupunda Fransa və Rusiyaya güzəştə getməsi və nizama salınma prosesində Amerikanın dəstəyinin və ya maraqlarının zəifləməsinin siqnalı kimi izah oluna bilər”, - deyə diplomatlar vurğulayır.
Mümkündür ki, məsələ heç də xərclərin azaldılması yox, beynəlxalq siyasi müstəvidə diplomatik manevrlərdən ibarətdir. Hesab etmək olar ki, İran və Şimali Koreya kimi problemlərə diqqət ayıran Vaşinqton Qarabağ münaqişəsinin nizama salınmasında Rusiya və Fransaya güzəştə gedir. Bu, xüsusilə Rusiyaya sərf edir. Çünki Fransanın da indiki məqamda Qarabağ münaqişəsinin nizama salınmasında Rusiyaya adekvat addım atması inandırıcı görünmür.
Rusiya təşəbbüsü tamamilə əlinə alarsa, bu, münaqişənin Moskvanın maraqları çərçivəsində həlli deməkdir. Təbii ki, ümumi kontekstdə ABŞ-ın addımı Azərbaycanın maraqlarına uyğun gəlmir. Lakin məsələyə digər tərəfdən yanaşsaq, nəticə etibarilə münaqişənin həllinə ümidlər yaranır.
Birincisi, Qarabağ münaqişəsinin həll olunmamasında Ermənistan faktoru olması ilə yanaşı, indiyə kimi beynəlxalq oyunçuların maraqlarının toqquşması da müəyyən rol oynayıb. Rusiya əsas təşəbbüskar kimi qalarsa, ən azından, maraqların toqquşması geridə qala bilər.
İkincisi, Bakı-Moskva xəttində isti münasibətlər münaqişənin ədalətli həllinə ümidləri artırır. Xüsusilə indiki məqamda Rusiya münaqişənin “ölü nöqtə”dən tərpənməsində maraqlı görünür. Kremlin təklif etdiyi “Kazan düsturu” variantında mübahisəli məqamlar olsa da, ən azından mövcud status-kvonun dəyişməsi ilə nəticələnə bilər.
Ermənistanın danışıqların üçtərəfli formatda (Azərbaycan-Rusiya-Ermənistan) keçirilməsindəki narahatlığı da diqqəti Moskvanın təşəbbüslərində Bakının xeyrinə olan məqamların olması ehtimalına yönəldir.
ABŞ-ın həmsədr postunu ləğv etmək istəyini şərh edən erməni siyasi şərhçi Sarkis Artsruni Moskva və Vaşinqtonun “ümumi dil tapdığını” yazır.
“Bu kontekstdə Minsk qrupunda amerikalı həmsədrin postunun ləğvi son dərəcədə təhlükəlidir. Çünki bu, Moskvanın hədəfinin qanuniləşməsi və Qarabağ münaqişəsini öz təşəbbüsü çərçivəsində həll etməsi deməkdir. Emmanuel Makronun prezidentliyi dövründə Qarabağ münaqişəsi Fransa üçün prirotet olmayacaq, Yelisey sarayının indiyə kimi heç bir təşəbbüs irəli sürməməsi də bunu deməyə əsas verir”, - deyə o bildirib.
S.Artsruni qeyd edir ki, Minsk qrupunun statusunda dəyişiklik Rusiyanın Ermənistana təzyiqinin artması ilə nəticələnəcək: “Təhlükəli vəziyyət yaranır, hansı ki, bu “aprel müharibəsi”ndən əvvəlki vəziyyəti xatırladır”.

Təhsil-press.az

Oxşar xəbərlər