ABŞ-da “Sülh laylayı” adlı musiqili əsərin premyerası keçirilib

ABŞ-da “Sülh laylayı” adlı musiqili əsərin premyerası keçirilib
ABŞ-da “Sülh laylayı” adlı musiqili əsərin premyerası keçirilib

Amerika Birləşmiş Ştatlarının (ABŞ) paytaxtı Vaşinqtonda Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş “Sülh laylayı” adlı musiqili əsərin premyerası keçirilib.
ADU-nun dosenti və “Sönməz Məşəl” Mədəni Əlaqələr İctimai Birliyinin sədri Şəhla Nağıyeva qeyd olunan tədbirdə iştirak edib. Ş.Nağıyeva ilə müsahibəmizi təqdim edirik.
-Zəhmət olmasa, ABŞ-a səfərinizlə bağlı məlumat verərdiniz.
-Xocalı soyqırımının 25 illiyi ilə əlaqədar Azərbaycan Dillər Universiteti, “Sönməz Məşəl” Mədəni Əlaqələr İctimai Birliyi, ABŞ Beynəlxalq Diplomatik Xidmət Əməkdaşları Assosiasiyası və Vaşinqton Beynəlxalq Piano İncəsənət Şurasının birgə təşkilatçılığı ilə layihə həyata keçirdik. Azərbaycan Dillər Universitetinin Alman dili kafedrasının dosenti, özü də Xocalı sakini olan Yusif Savalanın “Xocalı balası böyümədi ki” adlı şeirini mən ingilis dilinə tərcümə etmişəm. Amerikalı pianoçu və bəstəkar Haskell Smolun Xocalı qətliamı qurbanları olan uşaqların xatirəsinə həsr edilən əsərə bəstələdiyi musiqi əsasında gözəl bir musiqili kompozisiya hazırlanmışdı. Biz də bu təqdimatda iştirak etmək üçün Vaşinqtona getmişdik.
“Biz onların hamısına Xocalı soyqırımına dair ətraflı məlumat verdik”
-Amerika xalqının Xocalı soyqırımına münasibəti necədir?
-Biz Xocalı faciəsinin tanıdılması istiqamətində demokratiyanın beşiyi sayılan Vaşinqtonda daha çox işlər görürük, amma təəssüf ki, bu şəhər soyqırımı barədə o qədər də məlumatlı deyil. Düşünürəm ki, bizim layihə əsasında keçirilən tədbir onlarda “Bu əsər niyə yazılıb?”, “Tarixi haradan qaynaqlanır?” kimi bir çox suallar doğurdu. Tədbirdən sonra biz müsahibələr aldıq, həmin vaxt bir amerikalı xanım göz yaşlarını saxlaya bilmədi. Biz onlarda yaranan sualları cavablandırdıq və Xocalı soyqırımına dair ətraflı məlumat verdik. Digər tərəfdən, musiqi özu də hər şeyi izah edirdi. Kompozisiya o qədər uğurlu oldu ki, 60-dan çox yüksək vəzifəli məmurun da arasında olduğu tamaşaçılar tədbiri ayaqüstə alqışladılar. Tədbirdən sonra amerikalıların və bizim səfirimizin qarşılıqlı təklifi əsasında tədbirin fevralın 26-da təkrarən ABŞ Dövlət Departamentinin zalında nümayiş edilməsi qərara alındı. Fikrimcə, bu, Xocalı faciəsinin yad edilməsində mühüm bir vasitə olacaq.
“Hər kəs əlindən gələni etsə, uğura imza atmaq olar”
-Bu tədbir Xocalı soyqırımı gerçəklərinin ABŞ tərəfindən qəbul olunmasında və amerikalıların imzası ilə dünya ictimaiyyətinə çatdırılmasında nə dərəcədə rol oynayacaq?
-Düşünürəm ki, hər kəs əlindən gələni etsə, hər hansı uğura imza atmaq olar. Mən üç dəfə ABŞ-ın fərqli bölgələrində olmuşam. Həyat yoldaşım ssenarist olduğundan biz Amerika həyatı ilə bağlı bir çox filmlər çəkmişik. Biz çəkilişlər zamanı onlara Azərbaycan haqqında geniş məlumatlar verirdik və onlar da bizə çəkilişlər üçün şərait yaradırdılar. Xocalı faciəsi bizim yaralı yerimiz olduğundan bizə daha çox təsir edir. Və Amerika mühitində vəziyyət o dərəcəyə çatmayıb ki, bu faciənin nəticələri onlara da bizim kimi təsir bağışlasın. Çünki Vaşinqtonda erməni lobbisi çox güclü fəaliyyət göstərir. Hətta bizim tədbirimizin baş tutmasına belə əngəllər törədilirdi. Belə ki, öncə tədbirin Dövlət Departamentinin zalında keçiriləcəyi planlaşdırılmışdı, amma Ermənistan səfirliyindən olan təzyiqlərə görə məkanı dəyişməli olduq.
-Bir cümlə ilə ifadə etsək, bu əsərin nümayişi bizə nə kimi fayda verəcək?
-Ümidvaram ki, əsər Xocalı faciəsinin dünyada tanınması və Azərbaycan həqiqətlərinin beynəlxalq aləmə çatdırılmasına öz töhfəsini verəcək.

ADU-nun Mətbuat Xidməti


ABŞ-da “Sülh laylayı” adlı musiqili əsərin premyerası keçirilibABŞ-da “Sülh laylayı” adlı musiqili əsərin premyerası keçirilibABŞ-da “Sülh laylayı” adlı musiqili əsərin premyerası keçirilib

Oxşar xəbərlər