BDU-da 31 mart soyqrımı qurbanlarının xatirəsi anılıb

BDU-da 31 mart soyqrımı qurbanlarının xatirəsi anılıb Bakı Dövlət Universitetində (BDU) 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş tədbir keçirilib.
Öncə faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. BDU-nun rektoru, akademik Abel Məhərrəmov erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri qırğının xalqımızın tarixinə qanlı hərflərlə yazıldığını, erməni qəsbkarlarının vətənimizə və xalqımıza qarşı məkrli addımlar atdığını diqqətə çatdırıb. Ümummilli lider Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı «Azərbaycanıların soyqırımı haqqında» fərmanla ilk dəfə olaraq dövlət səviyyəsində bu qətliama siyasi qiymət verildiyini, bu kursun prezident İlham Əliyev tərəfində uğurla davam etdiyini bildirib.
Sonra Milli Məclisin deputatı, AMEA-nın müxbir üzvü, professor Musa Qasımlı həmin dövrdə erməni-bolşevik birləşmələrinin dinc azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırım haqqında məruzə ilə çıxış edib. Tələbələr adından Biologiya fakültəsinin SABAH qruplarının tələbəsi Vəfa Mirzəzadə danışaraq son iki əsrdə ermənilərin Azərbaycana qarşı düşünülmüş şəkildə həyata keçirdiyi genişmiqyaslı soyqırım nəticəsində yüzlərlə yaşayış məntəqəsinin yerlə-yeksan edildiyini, yüz minlərlə azərbaycanlının qəddarcasına öldürüldüyünü bildirib.
Sonda 31 mart soyqrım qurbanlarının xatirəsinə həsr olunmuş Jurnalistika fakültəsinin tədris teleradio studiyasında hazırlanmış sənədli film nümayiş olunub.

Hikmət Əliyev


Oxşar xəbərlər