Azərbaycanın İrandakı səfirliyində səsvermə başlayıb

Azərbaycanın İrandakı səfirliyində səsvermə başlayıb Azərbaycan Respublikasında prezident seçkilərinin keçirilməsi ilə əlaqədar ölkəmizin İrandakı səfirliyində yaradılan seçki məntəqəsində yerli vaxtla səhər saat 8:00-da səsverməyə start verilib.
Səsvermə prosesi Azərbaycan Respublikası Konstitusiyasına, Seçki Məcəlləsinə və bu sahədəki digər qanunvericilik aktlarına uyğun aparılır.
Səsvermə hüququna malik vətəndaşlarımızın prezident seçkilərində iştirakının və seçki hüquqlarını sərbəst şəkildə ifadə etmələrinin təmin olunması üçün hər cür şərait yaradılıb. Hazırda səsvermə prosesi davam edir.
Səsvermədə Tehranda fəaliyyət göstərən Azərbaycan diplomatları, onların ailə üzvləri, bu ölkədə müvəqqəti yaşayan və ezamiyyətdə olan vətəndaşlarımız iştirak edirlər.
Qeyd edək ki, bu gün Azərbaycanda prezident seçkiləri keçirilir. Prezident seçkilərində 8 nəfərin namizədliyi qeydə alınıb. Onlardan 6 nəfərin namizədliyi siyasi partiyalar tərəfindən, bir nəfərin namizədliyi öz təşəbbüsü ilə, bir nəfərin namizədliyi isə təşəbbüs qrupu tərəfindən irəli sürülüb.
Səsvermə günü respublikada 125 seçki dairəsi üzrə 5426 daimi və 215 müvəqqəti seçki məntəqəsi fəaliyyət göstərir. Səsvermə prosesini gün ərzində Mərkəzi Seçki Komissiyasının saytından da izləmək mümkündür. Belə ki, 119 seçki dairəsi üzrə 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb.
Seçkiləri 894 beynəlxalq (61 təşkilat, 59 ölkə), 58 175 yerli müşahidəçi izləyir.
Prezident seçkilərində səsvermə saat 19:00-da sona çatacaq. Hazırkı məlumata əsasən, Azərbaycanda 5 milyon 309 min 434 nəfər səsvermə hüququ olan şəxs var, onlardan 50.78 faizini qadınlar, 49.22 faizi isə kişilər təşkil edir.

Tehsil-press.az

Oxşar xəbərlər