Azərbaycanda iri qızıl filizi yatağının işlənməsi üzrə planlar açıqlanıb (ÖZƏL)

Azərbaycanda iri qızıl filizi yatağının işlənməsi üzrə planlar açıqlanıb (ÖZƏL) 2018-ci ilin sonuna qədər Daşkəsən rayonunda yerləşən "Çovdar" yatağının istismarı çərçivəsində sulfid fazasının texniki-iqtisadi əsaslandırma sənədi hazır olacaq.
Bunu Təhsil-press.az-a eksklüziv intervyusunda "AzerGold" dövlət şirkətinin idarə heyətinin sədri Zakir İbrahimov deyib.
Z.İbrahimov bildirib: “Hal-hazırda “Çovdar” yatağında əlvan və qiymətli metalların hasilatını həyata keçiririk. Azərbaycanlı geoloqlar tərəfindən 1998-ci ildə kəşf olunan yatağın istismarı 2 fazadan ibarətdir: yerüstü (oksid) və yeraltı (sulfid) fazaları. Hal-hazırda “AzerGold” QSC hasilatın 2021-ci ilə qədər davam edəcək yerüstü mərhələsini həyata keçirir, ondan sonra sulfid fazası gələcək. Beynəlxalq konsaltinq şirkəti ilə əməkdaşlıq çərçivəsində ilin sonuna kimi sulfid fazasının texniki-iqtisadi əsaslandırma sənədi hazır olacaq. Bizim ilkin proqnozlarımıza görə, “Çovdar” yatağının istismarı ən azı beş il davam etdiriləcək”.
Onun sözlərinə görə, QSC paralel olaraq potensial perspektivli faydalı qazıntı yataqlarının aşkar edilməsi məqsədilə kəşfiyyat işləri aparır: “Xüsusilə “Çovdar” yatağının yaxın və uzaq cinahlarında çöl sınaq işləri aparılır, geofiziki tədqiqatlar həyata keçirilir. Aparılan işlər nəticəsində “Çovdar” yatağından 7 kilometr aralıqda perspektivli “Ağyoxuş” sahəsi tapılıb. Bu ərazidə artıq kompleks geoloji tədqiqatlar aparılır”.

Tehsil-press.az

Oxşar xəbərlər