Energetika naziri Moskvaya gedir

Energetika naziri Moskvaya gedir Sabah Rusiyanın paytaxtı Moskvada “LUKoil” şirkətinin təsis edilməsinin 25 illiyi münasibətilə təntənəli mərasim keçiriləcək.
Energetika Nazirliyindən Tehsil-press.az-a verilən məlumata görə, Kremldə baş tutacaq tədbirdə Azərbaycanı energetika naziri Natiq Əliyev təmsil edəcək.
Dünyanın bir çox ölkələrində neft məhsullarının hasilatı, emalı, satışı və yeni yataqların geoloji kəşfiyyatı ilə məşğul olan, nəhəng sənaye-maliyyə kompleksinə malik “LUKoil” şirkəti təsis olunduğu ilk illərdən başlayaraq Azərbaycanda uğurla fəaliyyət göstərir. Dünyanın 12 ölkəsində kəşfiyyat və hasilat layihələrini həyata keçirən “LUKoil” un Rusiyadan kənar fəaliyyət göstərdiyi ilk ölkə məhz Azərbaycan olmuşdur. Belə bir faydalı tərəfdaşlığın əsası Ulu Öndər Heydər Əliyevin balanslaşdırılmış xarici siyasət kursuna uyğun olaraq, “LUKoil”un “Əsrin müqaviləsi” layihəsində iştiraka cəlb edilməsi ilə qoyulub. Bu məqsədyönlü siyasət özünü doğruldub, ötən illər ərzində “LUKoil” Azərbaycan iqtisadiyyatına yatırdığı sərmayələr və dünya enerji bazarında Rusiya ilə tərəfdaşlıq münasibətlərinin əsas vasitələrindən biri kimi çıxış etməklə Azərbaycan və Rusiya arasında iqtisadi-ticari əlaqələrin möhkəmləndirilməsində mühüm rol oynayıb.
Azəri-Çıraq-Günəşli blokunun, “Şahdəniz” qaz-kondensat yatağının işlənməsi, “Qarabağ” və Yalama-Samur strukturlarında birgə kəşfiyyat işlərində təmsil olunması isə “LUKoil” şirkətinin dərin dəniz yataqlarının mənimsənilməsində BP, Amoco və s. bu kimi nüfuzlu şirkətlərin təcrübəsindən bəhrələnməklə beynəlxalq səviyyəyə çıxmasında xüsusi rol oynamışdır. 25 il ərzində şirkət Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə çoxşaxəli əməkdaşlıq əlaqələri qurmuş, geniş yanacaqdoldurma şəbəkəsinin fəaliyyətini təmin etməklə bərabər telekommunikasiya, multimedia, bank, sığorta biznesi kimi sahələrdə də müvafiq layihələr həyata keçirməklə ölkə iqtisadiyyatına, mədəniyyət, elm və təhsil sahəsinə mühüm töhfələr vermişdir. 25 illik belə qarşılıqlı faydalı tərəfdaşlıq münasibətləri “LUKoil” şirkətini Azərbaycanla Rusiyanın qırılmaz əlaqələrinin özünəməxsus rəmzinə çevirib.
Qeyd edək ki, yubiley münasibətilə “LUKoil” şirkəti Azərbaycan Energetika Nazirliyinin “Fəxri Fərmanı” ilə təltif olunub.

Tehsil-press.az

Oxşar xəbərlər