Prezident İlham Əliyev TOTAL şirkətinin baş icraçı direktorunu qəbul edib (YENİLƏNİB)

Prezident İlham Əliyev TOTAL şirkətinin baş icraçı direktorunu qəbul edib (YENİLƏNİB) Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 21-də TOTAL şirkətinin baş icraçı direktoru Patrik Puyanneni qəbul edib.
Azərbaycan Prezidenti İlham Əliyev Patrik Puyanne ilə Davosda keçirdikləri görüşü məmnunluqla xatırlayaraq TOTAL şirkəti ilə əməkdaşlığımızın yaxşı tarixə malik olduğunu vurğuladı. “Abşeron” qaz yatağının işlənilməsi ilə bağlı layihənin yaxşı perspektivlərinin mövcudluğunu bildirən dövlətimizin başçısı bu yatağın böyük potensiala malik olduğunu dedi, layihənin mərhələli şəkildə işlənilməsinin önəmini qeyd etdi.
TOTAL şirkətinin artıq 20 ildir ki, Azərbaycanda fəaliyyət göstərdiyini vurğulayan Patrik Puyanne bu dövrdə uğurlu əməkdaşlığın qurulduğunu bildirdi. “Abşeron” yatağının Azərbaycanda qaza olan tələbatın ödənilməsi üçün mühüm əhəmiyyət daşıyacağını deyən Patrik Puyanne bu yatağın işlənilməsinə dair Dövlət Neft Şirkəti ilə qarşılıqlı səmərəli razılığa gəlindiyini qeyd etdi. Bu gün SOCAR ilə TOTAL arasında “Abşeron” qaz yatağı üzrə memorandumun imzalanacağını bildirən şirkətin baş icraçı direktoru səfərin bu layihənin işlənilməsi ilə bağlı ətraflı müzakirələrin aparılması üçün yaxşı fürsət yaratdığını vurğuladı.
Qonaq, eyni zamanda, TOTAL şirkətinin Azərbaycandakı fəaliyyətinin 20 illiyinə həsr olunmuş tədbirlərdə iştirak edəcəyini məmnunluqla qeyd etdi.
Görüşdə əməkdaşlığımızın perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Tehsil-press.az

Oxşar xəbərlər